Milli Qəhrəman Canpolad Rzayev
Sosial həyat

Milli Qəhrəman Canpolad Rzayev

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Rzayev 1968-ci il  fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuş, Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət edir və leytenant rütbəsi alır. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq Vətənə dönür. Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gulablı kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşur. Canpolad Qarabağ müharibəsi dövründə Ağdamda yaradılmış könüllü özünümüdafiə batalyonunun rəhbəri olmuş Qatır Məmməd ləqəbli Yaqub Rzayevin övladı idi.

1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü. Yaqub özü kimi qeyrətli, vətənsevər oğulları başına yığaraq iki oğlu ilə bərabər 1991-ci ilin yazında Ağdamda ilk döyüşən dəstələrdən birini "Qarabag şahinləri”ni yaradaraq ona başçılıq edir. O öz dəstəsi ilə Ağdamla Əsgəran arasında strateji əhəmiyyətli 19-cu post deyilən ərazini və Ağdamın ən böyük "Qaraağacı qəbiristanlığını" mərdliklə müdafiə edib qoruyurdu. Yaqubun "Qarabağ şahinləri" ermənilərə qənim kəsilir, onlara dinclik vermirlər. Tezliklə Qatır Məmmədin dəstəsinin şöhrəti bütün respublikaya yayılır. Respublikanın hər tərəfindən vətənpərvər oğullar Qatır Məmmədin dəstəsinə qoşulurlar. 1992-ci ildən bu dəstə böyüyərək əvvəlcə tabor, sonra da alay olur. Yaqubun başçılıq elədiyi alay Ağdam şəhərinin qorunması ilə bərabər ermənilərin məskunlaşdıqları Əsgəran, Xramort, Naxçıvanik, Pircamal, Aranzəmin, Dəhrəz və Fərrux kəndlərinin azad edilməsində rəşadət göstərmiş və igidliklə döyüşmüşdür.

26 fevral  qanlı Xocalı faciəsi günü xocalılılara kömək məqsədilə hərbi hissənin bütün heyəti döyüşə atılır. Döyüşün ortasında düşmən güllələrindən biri tankın yanacaq bakını dəlib keçir. Tankı alov bürüyür. Canpolad qəhrəmancasına şəhid olur. Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazmış Rzayev Canpolad Yaqub oğlu Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

İgid Qəhrəmanımız Ağdam şəhərinin  Şəhidlər Xiyabanında dəfn olunub. Sağlığında Canpoladın dünyaya gələn ilk oğluna Atatürk, şəhid olandan bir ay sonra dünyaya göz açan ikinci oğluna isə Canpolad adı verilir. Canpolad Yaqubzadə müsahibələrində bildirib ki, atasının qisasının ermənilərdən alınması onun çoxdankı arzusu idi: “Mən ata görməmişəm. Ata qayğısı nədir bilmirəm. Atam şəhid olanda ana bətnində olmuşam. Doğulandan sonra babamın məsləhəti ilə mənə atamın adını veriblər. Ən çox üzüldüyüm odur ki, atamın qisasını almaq üçün döyüşlərdə iştirak edə bilmədim. Özüm də hərbçiyəm.

Canpoladın döyüşçü yoldaşı Birinci Qarabağ qazisi, kəşfiyyatçı Rey Kərimoğlu xatirələrində qeyd edir ki, “həmin gün  Yaqub Rzayevin oğlu Canpolad Rzayev bizim gözümüz önündəcə böyük bir qəhrəmanlıq etdi. O, pulemyot atıcısı olduğu tankı düz Əsgəran tərəfdə taxta tikiliyə tərəf sürdürdü. Uzaqdan aydınca gördük ki, ermənilər təxminən 25-30 nəfər arvad-uşağı girov götürərək həmin tikiliyə necə saldılar. Canpolad tankı o tikiliyə sürdürüb həmin insanları xilas etdi. Bir qədər sonra ermənilərin hücuma keçən BMP-ləri ilə həmin tank heyətinin necə döyüşdüyünü də öz gözlərimizlə gördük. Canpoladın olduğu tank qəflətən sol tərəfdə --Naxçıvanik istiqamətində dərədən çıxıb xilas olan xocalılıları, bizim əsgərləri vurmağa başlayan erməni BMP-nin düz üstünə şığıdı. Amma mənə hələ də aydın olmayan səbəbdən tankımız erməni BMP-yə az qalmış manevr etdi, dayanıb yerində fırlandı... Elə bu vaxt erməni BMP-dən atılan mərmi düz bizim tankın açıqda  olan pulemyotçu yerinə -- Canpolad olan tərəfə dəydi...”.

Bu gün Yaqub və Canpolad Rzayevlərin ruhları şaddır. 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Onların azad görmək istədikləri Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.                                                                                                          

                                                                                                        M.MİRZƏ, 

                                                                               “Respublika”.