Milli Qəhrəman doğum günündə anılıb
Region

Milli Qəhrəman doğum günündə anılıb

Masallı rayonunda Səfərəli Məmmədovun adı böyük hörmət və ehtiramla çəkilir. O da Vətən yolunda şəhid olmuşdur.

Rayonun Sərçuvar kəndində dünyaya göz açan, elin mərd, qeyrətli oğlu Səfərəli Məmmədov  Birinci Qarabağ müharibəsində  Ağdam rayon daxili işlər şöbəsində post patrul batalyonunda taqım komandiri olub. 1992-ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini  erməni quldurlardan  xilas edən zaman   komandir olduğu taqım minaya düşüb,  aldığı  ağır xəsarətlərdən dünyasını dəyişib.  Və ölümündən  sonra Azərbaycanın  ilk Milli Qəhrəmanı  adına  layiq görülüb.

Səfərəli Məmmədovun  doğma kəndində ev-muzeyi fəaliyyət göstərir.  Məktəblilər ev-muzeyə Vətəni necə sevməyi öyrənmək üçün gəlir, Səfərəli kimi qəhrəman olmağı arzulayırlar.

Bu günlərdə  qəhrəmanın  ev-muzeyində doğum günü  qeyd  olundu.  Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Araz Əhmədov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Masallı  rayon təşkilatının fəalları,  şəhid ailələri, qohumları, kənd sakinləri, jurnalistlər  və digər  qonaqlar  tədbirdə idilər.

Mərasimdə Masallı elinin fəxri Səfərəli Məmmədovun keçdiyi ömür yolundan söhbət açıldı. İcra başçısı üzünü   Milli Qəhrəmanın anası Şahdəstə  xanıma tutub dedi:- Hamılıqla  Sizi ziyarətə gəlmişik.  50 il də, 100 il də, 300 il də keçəcək, amma oğlunuz milyonların  ürəyində  yaşayacaq.  Gəlib Sizi ziyarət etmək bizə şərəfdir.  Səfərəli kimi  Vətən, xalq üçün mərd, igid oğlan böyütdüyünüzə görə xalq Sizə minnətdardır.

Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova qonaqlara oğlunun Qarabağ savaşındakı şücaətindən danışdı, qayğı və diqqətə görə  razılığını bildirdi.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.