Milli Qəhrəman, general-mayor Polad Həşimova həsr olunan sənədli film
Sosial həyat

Milli Qəhrəman, general-mayor Polad Həşimova həsr olunan sənədli film

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən sənədli filmlərin çəkilişi davam etdirilir. Növbəti ekran əsəri şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimova (1975-2020) həsr olunan "Poladın izi ilə" sənədli filmidir.

Mədəniyyət Nazirliyi mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, mayın 4-də Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin ölkəmizdəki səfəri Cahit Bağcı, digər rəsmilər, Milli Qəhrəmanın ailə üzvləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdilər.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında qeyd etdi ki, filmin qəhrəmanı əsgərimizin, ordumuzun ən cəsur nümayəndələrindəndir. Ekran əsərini yalnız Polad Həşimova deyil, onun simasında bütün qəhrəman Vətən oğullarına ithaf olunan film hesab edirik.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı vurğuladı ki, bu Vətən şəhidlərin uğrunda can verdiyi və bizə əmanət etdiyi torpaqdır. Filmi izləyənlər arasında Milli Qəhrəmanın anası Səmayə Həşimova da var. Mən Səmayə ananın əllərindən öpürəm. O, təkcə Azərbaycan qəhrəmanlarının anası deyil, bütün Türk dünyasının simvoludur.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov Azərbaycanın igid oğullarından biri haqqında film ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini söylədi.

Polad Həşimovun anası Səmayə Həşimova filmə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Söylədi ki, Polad Həşimov öz şəhidliyi ilə Azərbaycan xalqının qələbə ruhunu oyadıb, başını uca edib.

Milli Qəhrəmanın həyat yoldaşı Ofeliya Salmanova qeyd etdi ki, Polad Həşimov Azərbaycanın səngərdə şəhid olan yeganə generalıdır. Bu fakt kifayət edir ki, biz Polad Həşimovun necə bir qəhrəman olduğunu dərk edək.

Çıxışlardan sonra "Poladın izi ilə" sənədli filmi nümayiş etdirildi.

Bəybala BƏYBALAYEV,

"Respublika".