Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub
Sosial həyat

Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub

Oktyabrın 5-də Dövlət Turizm Agentliyinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılış mərasimi keçirilib.

Agentliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, həmçinin Vətən müharibəsi qaziləri iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin keçdiyi qəhrəmanlıq yolundan bəhs olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun inzibati binasında tarixdə izini qoymuş Milli Qəhrəmanın barelyefinin olmasının kollektiv üçün qürurverici hadisə olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Qəhrəman Sərdar Səfərovu uşaqlıq illərindən tanıdığını bildirərək onunla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Sərdar Səfərovun və onun döyüş yoldaşlarının müasir gənclərimizə örnək olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, barelyefin qarşısındakı küçəyə 1994-cü ildə Sərdar Səfərovun adı verilib.

Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə burada məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Bakı Avtomobil Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra Daxili İşlər orqanlarında işləmək arzusu onu Rusiya Federasiyasının Tula vilayətinə aparıb. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edib. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Milis Məktəbinə göndərilib. 1987-ci ildə təhsilini başa vuraraq öz iş yerinə qayıdıb. Nümunəvi milis işçisi kimi sahə müvəkkili vəzifəsinə təyin olunub. Sərdar Səfərov Azərbaycana qayıtdıqdan sonra 1991-ci ildən Qusar Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayıb.

1991-ci il sentyabrın 25-də erməni silahlılarının Əsgəran rayonu ərazisində sərnişin avtobusuna hücumundan sonra köməyə gələn istintaq qrupunun tərkibində müstəntiq kimi çalışan baş leytenant Sərdar Səfərov da olub. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Şuşa yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıblar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Milli Qəhrəmanın məzarı Kəlbəcər rayonundadır.

Bəybala BƏYBALAYEV,

"Respublika".