MİLLİ QƏHRƏMANIN DOĞUM GÜNÜ QEYD OLUNUB
Region

MİLLİ QƏHRƏMANIN DOĞUM GÜNÜ QEYD OLUNUB

Səfəralı Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açıb. 1981-ci ildə doğma kənd məktəbini bitirib. Minsk şəhərində iki il hərbi xidmət edib. 1983-cü ildə ordudan tərxis olunub. Əmək fəaliyyətinə Krasnodar şəhərinin mühafizə şöbəsində milis nəfəri kimi başlayıb. Xüsusi bacarığı, qabiliyyəti, işgüzarlığı ilə ad-san, nüfuz qazanıb. Təsadüfi deyil ki, xidmətin birinci ilində rəhbərlik tərəfindən iki dəfə mükafatlandırılıb.

1988-ci ildə Səfəralı Məmmədovun nümunəvi xidmətləri nəzərə alınaraq Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki DİN-in Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndərilib. 1990-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurub leytenant rütbəsi alıb. Vətən sevgisi onu canından artıq sevdiyi doğma Azərbaycana gətirib. Bakı Hava Limanında ona işləmək təklif olunsa da Qarabağın ən qaynar nöqtələrindən birinə göndərilməsini təkid edib. Ağdam rayon daxili işlər şöbəsində post-patrul xidmətində taqım komandiri vəzifəsinə təyin olunub. İlk gündən torpaqlarımızı düşmənin hücumlarından qorumaq üçün döyüşə atılır. Səfəralının keçirdiyi əməliyyatlar həmişə uğurlu olurdu. Rus dilini səlis bilməsi, zahirən sarışın olması köməyinə gəlirdi. Dəfələrlə ermənilərin arasına girib neçəsini girov götürmüşdü. Fərrux yüksəkliyində, Ağbulaq fermasında, Qarakənd kəndində uğurlu əməliyyatlar keçirmişdi. 

1992-ci ilin fevral ayının 16-da quduz düşmən Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törətdi. Səfəralının başçılıq etdiyi taqım düşmənə sarsıdıcı cavab zərbəsi endirdi. Çoxlu erməni yaraqlısını və hərbi texnikasını məhv etdilər. Kənd sakinlərini xilas edərkən S.Məmmədovun tağımı minaya düşdü. İgid komandir aldığı xəsarətlərdən 29 yaşında  dünyasını dəyişdi.

Səfəralı Məmmədov doğma Sərçuvar kəndində dəfn olundu. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Masallı şəhərinin küçələrindən biri, təhsil aldığı kənd məktəbi qəhrəmanın adını daşıyır. Məktəbin həyətində büstü qoyulub, igid komandirə həsr olunmuş “Qəhrəman polis” adlı film çəkilib. Azərbaycanın 11 ilk Milli qəhrəmanlarından biri olan Səfəralı Məmmədovun doğum günü böyüyüb boya-başa çatdığı doğma Sərçuvar kəndində qeyd edilib. Milli Qəhrəmanın abidəsi önündə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. 

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin işçiləri, Sərçuvar kəndinin ziyalıları, Milli Qəhrəmanın ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə qəhrəman polisin həyatı və döyüş yolu barədə ətraflı söhbət açılıb, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonra Milli Qəhrəmanın ev muzeyi və məzarı ziyarət olunub.

Əlisəfa HƏSƏNOV,

     “Respublika”.