Milli qəhrəmanlarımız: Balakənin cəsur oğlu
Sosial həyat

Milli qəhrəmanlarımız: Balakənin cəsur oğlu

Adı, qəhrəmanlığı bir elin, bir xalqın tarixinə əbədilik həkk olunmuş Ramazan Heybullah oğlu Çirinqov 15 fevral 1969-cu ildə Azərbaycanın dilbər guşələrindən olan Balakən rayonunun Meşəşambul kəndində dünyaya göz açmışdır. Məktəb illərində o, həmyaşıdlarından fərqlənər, xüsusilə bədii kitabları əlindən yerə qoymazdı. Təbiətin vurğunu idi. Sal daşlar yastığı, göy çəmən döşəyi olardı.

Ramazan xoş arzularla yaşayırdı. İstəyirdi ki, fəal həyat mövqeyi tutsun, sevimli müəllimlərinin etimadını qazansın.

1986-cı ildə orta təhsilini başa vurduqdan sonra doğmalarının xeyir-duası ilə əsgəri xidmətə yollandı. O, hərbi xidmətdə Əfqanıstanda olmuş, qulluq dövründə hərbi texnikanın sirlərini mükəmməl öyrənmişdi.

Əfqanıstanda aparılan hərbi əməliyyatlarda fəal iştirak etmiş, göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüş və “Beynəlmiləlçi Döyüşçü” döş nişanı ilə təltif edilmişdir.

Ramazan Çirinqov 1989-cu ildə ordudan tərxis olunmuş və Balakən Rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

XX əsrin 90-cı illərində torpaqlarımıza faşist xislətli erməni daşnakları göz dikəndə xalqı haqq üçün mübarizəyə səsləyən, yumruq tək birləşməyə çağıran, çətin, dar ayaqda onlara mənəvi cəhətdən qol-qanad verən Vətən oğullarından biri də Ramazan Çirinqov oldu. Balakən rayonunun digər polis əməkdaşları kimi dəfələrlə Qarabağa ezam olundu, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında yaxından iştirak etdi. Silaha sarılaraq heç vaxt ölümündən qorxmadı. Birinci Qarabağ savaşında Ramazanın böyük xidmətləri oldu.

1995-ci ildə Balakən rayonunda bir qrup cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində Ramazan Çirinqov əsl qəhrəmanlıq göstərdi. Dövlət sərhədini keçməyə cəhd edən qaçaqmalçıların qarşısı alındı.

O, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Ramazan kimi qəhrəman oğullarımız unudulmur və unudulmayacaqdır. Onun məzarı balakənlilərin and yerinə çevrilmişdir.

Qədir ASLAN,
“Respublika”.