Milli qurtuluşun növbəti  təcəssümü - Qarabağ Zəfəri
Siyasət

Milli qurtuluşun növbəti  təcəssümü - Qarabağ Zəfəri

Xalqımız bu gün özünün dahi oğlu, əbədiyaşar lideri ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı ilə əlamətdar olan əziz bayramını - Milli Qurtuluş Gününü qeyd edir. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarı ilə belə bir bayramın təsis edilməsi dövlətçiliyimizin gələcəyinə, bugünkü nailiyyətlərinə olan dərin inamın ifadəsi idi. Onda hələ ulu öndərin dövlətimizin başçısı vəzifəsində fəaliyyətinin cəmi dörd ili tamam olmuşdu. Amma tarix üçün çox qısa olan bu müddətdə ölkəmizin həyatında baş verənlər onun gələcəyi üçün möhkəm bünövrə yaradıldığını təsdiq edirdi...

Azadlıq, müstəqillik xalqımızın tarixi arzusu idi və iyirminci əsrdə ikinci dəfə azadlıq uğrunda mübarizə öz bəhrəsini vermişdi. İmperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqləri şəraitində milli şüurun oyanması ana dilimizin, müqəddəs dinimizin qorunması, mədəniyyətimizin inkişafı və təbii ki, müttəfiq respublika şəklində də olsa, dövlətçiliyimizin saxlanması ilə birbaşa bağlı idi. Xüsusən, 1969-82-ci illərdə milli özünüdərk prosesi daha da güclənmiş, iqtisadi, mədəni, mənəvi yüksəliş vüsət almışdı. Milli kadr korpusu yaradılmış, dövlət idarəçiliyi təsisatları möhkəmləndirilmiş, elm, səhiyyə, təhsil, mədəniyyət və incəsənət sahələrində ciddi uğurlar qazanılmışdı. Paytaxtımız Bakı həmin dövrdə dünya miqyasında mədəniyyət mərkəzi, biz azərbaycanlılar özünəməxsus tarixi, mədəniyyəti, ənənələri olan bir millət kimi tanınırdıq. İqtisadi müstəqilliyin təmin edilməsi, respublikamızın ittifaq büdcəsindən asılılığının aradan qaldırılması gələcək siyasi müstəqillik üçün potensial yaradırdı. Bütün bu prosesləri ölkə rəhbəri - öz şəxsi keyfiyyətləri, iradəsi və qətiyyəti ilə o zamankı sovet idarəçiliyi sistemində böyük nüfuz qazanmış Heydər Əliyev həssaslıq və uzaqgörənliklə tənzimləyirdi. Gəncliyi, cavanlığı həmin dövrə düşən nəslin nümayəndəsi kimi deyə bilərəm ki, məhz ulu öndərin müdrikliyi sayəsində respublikamızda sərbəst düşüncə, yaradıcılıq azadlığı, işgüzarlıq üçün çox əlverişli şərait yaradılmışdı. Üstəlik, əhalinin rifah halı daha da yaxşılaşır, tikinti-quruculuq və abadlıq işləri genişlənirdi. Xalqımız öz güclü, xarizmatik liderinin, ölkə rəhbərinin ətrafında sıx birlik nümayiş etdirirdi. Ulu öndərin keçmiş sovet dövlətinin rəhbərlərindən biri olduğu, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə həm xalqımız onun fəaliyyətinə görə dərin qürur hissi keçirir, həm də ölkəmizdə hərtərəfli inkişaf imkanlarından səmərəli istifadə olunurdu.

Keçmiş sovet dövlətinin türk-müsəlman xalqlarının lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyevə qarşı məkrli münasibət fitnəkar və ikiüzlü Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə başlandı. Erməni millətçilərinin təsiri altına düşən bu şəxs onların respublikamıza qarşı ərazi iddiaları irəli sürməsinə, xalqımıza qarşı etnik ayrı-seçkilik aparmasına fürsət yaratdı. Heydər Əliyevin yüksək dövlət postundan istefa verməsinə nail olmaqla Mixail Qorbaçov erməni millətçilərinin əl-qol açaraq Qarabağın dağlıq hissəsində açıq separatçılığa başlamasına, sonra isə çoxsaylı insan faciələri, xalqımıza qarşı amansız cinayətlər törətməsinə rəvac verdi. Azərbaycan iğtişaşların və özbaşınalığın hökm sürdüyü, siyasi-inzibati idarəçilikdə milli təəssübkeşlikdən və vətənpərvərlikdən uzaq səriştəsiz və naşı adamların bir-birini əvəz etdiyi respublikaya çevrildi. Əslində, elə ittifaq dövlətinin dağılması prosesi də məhz Heydər Əliyev kimi güclü şəxsiyyətlərin ali rəhbərlikdən uzaqlaşdırılması, “yenidənqurma” adı altında ölkənin xaosa və dərin böhrana sürüklənməsi ilə başlandı və qısa müddətdə öz məntiqi sonluğuna çatdı.

Azərbaycan da yenidən müstəqil dövlətçiliyinə belə mürəkkəb və çətin bir dövrdə qovuşdu. Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illər bizim nəslin yaddaşında çox ağır, ağrılı illər kimi qalıb. Erməni fitnəkarlıqları, onların oyuncaq dövlətinin təcavüzkarlıq, işğalçılıq siyasəti, xalqımıza qarşı soyqırımı, üstəgəl respublikamızın daxilindəki çaxnaşmalar, hakimiyyət çevrilişləri, sosial-iqtisadi böhran, torpaqlarımızın itirilməsi, yüz minlərlə həmvətənimizin qaçqın və köçkün vəziyyətinə düşməsi... sadaladıqca bitməyəcək bəlalar müstəqil dövlətçiliyimiz üçün ciddi təhlükə yaradırdı. Həmin dövrdə xalqımızın qəlbində və yaddaşında yalnız ulu öndər Heydər Əliyevin adı vardı. Biz hamılıqla bilirdik və inanırdıq ki, məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi qoruyub saxlayacaq, xalqımızı bütün bəlalardan qurtaracaq və gələcək nəsillərə şanlı, şərəfli bir ölkə töhfə edəcək.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu yaxınlarda ulu öndərin həmin dövrdəki xilaskarlıq missiyası haqqında deyib: “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur”.

Əminliklə deyə bilərik ki, ulu öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə gördüyü bütün işlər, verdiyi bütün qərarlar Azərbaycanın bugünkü nailiyyətləri, ən başlıcası, Qarabağdakı möhtəşəm qələbəmiz üçün möhkəm təməl yaradıb. Xüsusən gənc nəslin yaşadığımız o ağrılı-acılı tarixi unutmamasının vacibliyini nəzərə alaraq, hamımıza məlum olan faktları bu bayram günündə bir daha xatırlamaq lazım gəlir. 1993-cü ilin 15 iyununda qurtuluş hərəkatının zəfərlə başa çatması və ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ərəfəsində müstəqil dövlətçiliyimizin itirilməsi təhlükəsi çox real idi. Qətiyyətsiz Ayaz Mütəllibovu silahlı çevrilişlə devirib, hakimiyyətə yiyələnən AXC-Müsavat cütlüyü ölkəni qardaş qırğını həddinə çatdırmış, Ermənistanın ərazilərimizin işğalını genişləndirməsinə şərait yaratmış, əhalini bir parça çörəyə möhtac qoymuşdu. Bölgələrdə mərkəzi hakimiyyətə etimad göstərilmirdi, ermənilərlə döyüşən fədakar, vətənpərvər qüvvələr vahid komandanlığın yoxluğundan məğlub vəziyyətə düşmüşdü, cinayətkarlıq halları görünməmiş həddə çatmışdı, əhali dözülməz məhrumiyyətlərə düçar olmuşdu. Ulu öndər Heydər Əliyev məhz belə bir vaxtda xilaskarlıq missiyasını öhdəsinə götürdü və xalqın ümidlərini doğrultdu. Ordu quruculuğuna başlanması və qısa müddətdə Füzuli istiqamətində 24 yaşayış məntəqəsinin işğaldan azad edilməsi, sonrakı atəşkəs, yeni neft strategiyası, cinayətkarlığa qarşı sərt mübarizə tədbirləri, dövlət çevrilişi cəhdlərinə birdəfəlik son qoyulması, iqtisadi islahatlar və digər məqsədyönlü tədbirlər xalqın ümidlənməsinə, öz gücünə inanaraq ölkəni yenidən dirçəltməsinə təkan verdi.

İstər həmin dövrdəki iqtisadi fəaliyyətim dövründə, istərsə də müstəqil dövlətimizin parlamentinə seçildikdən sonra fəal siyasətlə məşğul olduğum son iyirmi bir il ərzində Heydər Əliyev ideyalarının ölkəmizi necə zirvələrdən-zirvələrə apardığının, xalqımızın arzu və istəklərini necə ardıcıllıqla gerçəkləşdirdiyinin şahidiyəm. Həm deputat, ali məktəb rektoru, elm adamı, həm də indi respublikanın ən nüfuzlu ağsaqqallarını birləşdirən təşkilatın rəhbəri kimi cəmiyyətin, insanlarımızın ulu öndərin ölməz ideyalarına qəlbən və möhkəm bağlı olduğunu görməkdəyəm. Bu sarsılmaz bağlılıq möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi varislik missiyasını layiqincə davam etdirməsi, ulu öndərin vəsiyyətlərini yerinə yetirməsi, arzularını gerçəkləşdirməsi ilə təmin olunur.

Ulu öndər Heydər Əliyevin yaratdığı təməl üzərində qurulan müasir Azərbaycanın nailiyyətləri, həqiqətən, misilsizdir, bənzərsizdir. Ərazisinin 20 faizi işğal altında, əhalisinin 10 faizi qaçqın və köçkün olduğu otuz ilə yaxın bir dövrdə dövlətimiz məhz düzgün idarəçilik və hərtərəfli mükəmməl siyasət nəticəsində nəinki öz müstəqilliyini möhkəmləndirdi, qüvvə və güc topladı, həm də hərbi qüdrətini bütün dünyaya nümayiş etdirərək düşməni diz çökdürdü. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimizin həyata keçirdiyi “dəmir yumruq” əks-həmlə əməliyyatının möhtəşəm zəfərlə başa çatması Heydər Əliyev ideyalarının təntənəsi, milli qurtuluşumuzun növbəti təcəssümüdür. Müasir tariximizdə 44 günlük Vətən müharibəsi kimi yazılan bu hünər dastanının müəllifi ulu öndərin davamçısı cənab İlham Əliyev, şanlı qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şücaətlə, fədakarlıqla vuruşan igidlərimiz, canını qurban verən şəhidlərimizdir. Hər bir şəhidimizin ruhu qarşısında baş əyirik. Qürurluyuq, xoşbəxtik ki, Qarabağ problemi öz həllini tapdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Xalqımızın dəyərli sərvəti olan ağsaqqallar, ağbirçəklər, yaşlı adamlar Qarabağ zəfərindən daha böyük sevinc, bəxtəvərlik duyurlar və bu munis hissi yaşadıqlarına görə müzəffər sərkərdə cənab İlham Əliyevə, onun əmrlərini yerinə yetirərək, düşmən üzərində qələbəni təmin edən qəhrəman əsgər, gizir və zabitlərimizə minnətdardırlar. Sıralarımızda uzun illər ulu öndərin rəhbərliyi altında çalışmış, onun silahdaşı olmuş çoxsaylı müharibə, əmək veteranları, nüfuzlu şəxsiyyətlər, ziyalılar var və Milli Qurtuluş Günündə onları da ürəkdən təbrik edirəm. Bu insanların hər biri Heydər Əliyev ideyalarının gerçəkləşməsinə, cənab Prezidentin müdrik siyasətinin cəmiyyətdə təbliğinə daim öz töhfələrini verirlər.

Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalını bu gün bir daha yada salmaq istərdim. Orada keçirilən qala-konsertdə ulu öndər Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında arzuları səsləndirildi. Ulu öndər deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik!” Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad olunduğu gün xalqımıza müraciətində ata vəsiyyətini yerinə yetirdiyi üçün keçirdiyi xoşbəxtlik duyğusunu ifadə etmişdi. Bu gün işğaldan azad edilmiş Qarabağ dirçəldilir və onun cənnət məkanına çevriləcəyi günlər də çox yaxındadır. Ulu öndərimiz məhz belə güclü və qüdrətli Azərbaycan arzulayırdı, həyatını bu müqəddəs işə sərf etdi və davamçıları da onun yarımçıq qalan istəklərini misilsiz zəfərlərlə başa çatdırmaqdadırlar. 

Eldar QULİYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Ağsaqqallar Şurasının sədri.