MİLLİ QÜRURUMUZUN TƏNTƏNƏSİ
Siyasət

MİLLİ QÜRURUMUZUN TƏNTƏNƏSİ

2020-ci il sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq xalqımız torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il), 884 (12 noyabr 1993-cü il) saylı qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin 2311 nömrəli 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir.

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən II Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfər salnaməsini yazdı. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqımızın inamı özünə qaytarıldı. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi.

Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformasında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanların ağrı-acısına şərik olaraq bir ana kimi doğma və qayğılı münasibətilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.

Müzəffər Azərbaycan ordusu işğal altındakı ərazilərimizdə 30 ilə yaxın müddətdə düşmənin qurduğu istehkamları, hərbi texnikasını və infrastrukturunu, çoxsaylı canlı qüvvəsini darmadağın edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etdi. 44 günlük zəfər yürüşündə 300-dən çox şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edildi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan ordusu tərəfindən noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri işğaldan azad edildi. Bununla da Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirdi.

Qeyd edilməlidir ki, böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirən ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza dəstək məqsədilə könüllü olaraq öz əməkhaqları fondundan Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 1.600.000 manat köçürmüşlər. Eyni zamanda, ədliyyə işçiləri tərəfindən peşə bayramı ərəfəsində növbəti dəfə əməkhaqlarından 900.000 manatdan çox ianə edilmişdir. Təbii ki, gündəlik dövlət qayğısı ilə əhatə olunan və ən yüksək səviyyədə təchiz edilən Azərbaycan Ordusu üçün edilən bu təşəbbüs hərbçilərimizlə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunmuşdur. Vətən müharibəsi gedişatında əksər ədliyyə işçiləri könüllü olaraq qanvermə kampaniyasında fəal iştirak etmişlər.

Həmçinin ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi müharibəyə yollanaraq yüksək vətənpərvərlik nümayişi göstərmişlər. Döyüşlərdə iştirak edən həmkarlarımız arasında yaralananlar və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər bininin ailə üzvlərinin qayğıları ilə maraqlanılır, mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.

Şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizdən biri də həmkarım, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin əməkdaşı Ruhin Xəlilovdur. O, II Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq doğulduğu Cəbrayıl Rayon Hərbi Komissarlığına müraciət etmişdir. 21 oktyabr 2020-ci ildə isə Qubadlı rayonun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ruhin Xəlilova İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.

Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev son otuz ilə yaxın müddətdə ölkə ictimaiyyətinin nümayəndələri ilə keçirilən bütün görüşlərdə xalqı inandırırdılar ki, dünya belə getməyəcək və biz işğalla barışmayacağıq. Ermənistan dövləti regiondakı havadarlarının və beynəlxalq aləmdəki lobbiçilərinin köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı dövrün bütün illərində, aylarında və günlərində – daim ulu öndərdən və dövlət başçımız­dan eşidirdik ki, biz o torpaqları unutmamışıq, unutmayacağıq və oraya qayıdacağıq. Çünki həmin ərazilər bizim torpağımızdır, əcdadlarımızın torpağıdır. Bəli, əcdadlarımızın torpaqları şəhidlərimizin qanı, canı bahasına, qalib ordumuzun şücaəti, müzəffər Ali Baş Komandanın qətiyyəti hesabına azad edildi. Azərbaycan gəncliyi  Vətən müharibəsində şanlı tarix yazdı.

Biz, hər bir səhifəsi şücaət dolu bu zəfər salnaməsini həmişə qürurla vərəqləməli, bu qalibiyyət dastanını növbəti nəsillərə şərəflə ötürməli, zəfər salnaməmizə öz qanları, canları ilə imza atmış şəhidləri daim ehtiramla anmalı, unutmamalı və unutdurmamalıyıq. Biz bundan sonrakı fəaliyyətimizdə daha qətiyyətli, ayıq və daha cəsarətli olmalıyıq. Çünki düşmən şərəfsiz, abırsız və heç bir tarixi faktdan dərs ala bilməyən məxluqdur.

Ruhunuz şad olsun, Şəhidlər! Zəfər Salnaməmiz Sizin qanınız, canınızla yazıldı.

Məmməd MÜSƏLLİMOV,

Bakı şəhəri, Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu.