MİLLİ QÜRURUMUZUN ZƏFƏRİ
Siyasət

MİLLİ QÜRURUMUZUN ZƏFƏRİ

Bu iftixarı bizə yaşadan ölməz şəhidlərimizə əbədi ehtiram mənəvi borcumuzdur

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".

Ali Baş Komandanın müraciəti aşağıdakı sözlərlə bitdi: "…Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Ölkəmizə qarşı Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə dövründə Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi.

Doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illər idi ki, qəlbimizdə dərin izlər yaratmışdı. Dövlət başçımızın hər dəfə mötəbər tədbirlərdə, eləcə də şəhid ailələri və qazilərlə görüşləri zamanı etdiyi çıxışlarında qətiyyətlə qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulaması inam hissimizi də gücləndirirdi. Bütün bunların məntiqi nəticəsi olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə Vətən müharibəsində son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.

O çətin günlərdə ölkə vətəndaşları bütün görülən tədbirləri ürəkdən dəstəkləyir, "Hər şey cəbhə üçün" şüarı ilə birlik, həmrəylik nümayiş etdirirdi. Şanlı Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanırdı. Təkcə ölkəmizdə deyil, xaricdə yaşayan azərbaycanlılar, eləcə də qardaş Türkiyə vətəndaşları da qazanılan bu qürurverici nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərirdilər. Müharibənin ilk günlərindən başlayaraq şəhərimizin küçələrində, yaşayış binalarının eyvanlarında, müxtəlif ticarət və digər obyektlərin fasadlarında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda hər bir vətəndaşımız ordumuza dəstək olmağa tələsir, insanlar cəbhəyə kömək üçün bütün qüvvələrini səfərbər edirdilər. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.

Müharibənin kulminasiya zirvəsi noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu, artıq qələbənin yaxınlaşması demək idi. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da "ağ bayraq" qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq" qaldırdı, kapitulyasiya aktını imzaladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qüdrəti sayəsində əldə etdiyimiz Zəfərlə ölkəmizin tarixinin yeni dövrü açıldı, bölgədəki reallıqlar dəyişdi və beynəlxalq ədalət bərqərar oldu.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak oldu, yüz nəfərdən artıq itkin düşdü, min nəfərdən artıq yaralanaraq sağlamlığını itirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-də xatirələri dərin dərin hüzn və kədər hissi ilə yad olunur.

Ötən il sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak edirdi. Yürüş iştirakçıları əllərində 44 günlük Vətən müharibəsində şəhid olan hərbçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar tuturdu. Dövlətimizin başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydu. Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər. Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verildi, toplardan yaylım atəşi açıldı.

27 sentyabr bizim üçün həm hüznlü, həm də qürurlu gündür. Qürurluyuq ona görə ki, zəfər dastanımızın başlanğıc günüdür. Hüznlüyük ona görə ki, qəhrəmanlıq dastanı yazanların içərisindən şəhid verdik, yaralılarımız oldu. Onlar ürəklərə acı, vətən torpağına şərəf verdilər. Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən, xalqın qəhrəmanlıq dastanını canı, qanı ilə yazan şəhidlərimizi dərin ehtiramla anırıq. Qarabağ artıq azaddır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu qəlbimizdə əbədi yaşayacaq.

Mustafa KAMAL,

"Respublika".