Milli ruh, milli təfəkkür silahdan daha güclüdür
Siyasət

 Milli ruh, milli təfəkkür silahdan daha güclüdür

Uzun illər 9 may tarixini Qələbə bayramı kimi qeyd etmişik. Çünki bu bir həqiqətdir ki, Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqı fiziki, maddi, mənəvi sınaqlardan çıxa bilmişdi. Əlbəttə, bu qələbə gününü sevinclə keçirməyə layiq xalqlardan biri, bəlkə də elə birincisi Azərbaycan xalqı idi. Bəs sonda nə oldu?! Sonda canımızı, illərimizi və bütün maddi, mənəvi varlığımızı qurban verdiyimiz vahid “vətən”, Sovet İttifaqı bizi boğmağa başladı. Nəticədə torpaqlarımız işğal olundu və bu işğal müddəti tam otuz il oldu. Əslində məsələnin bu qədər uzanması yalnız hərbi, iqtisadi güc toplanması üçün deyildi. Biz bu müddət ərzində milli kimliyimizi də geriyə qaytardıq. Vahidliyimizi bərpa etdik, özümüzün seçdiyi bir lider yetişdirdik ki, ətrafında da birləşə bilək. Qısaca olaraq mən Vətən müharibəsində əldə etdiyimiz qələbəni belə dəyərləndirirəm.

Azərbaycanın müasir dövlətçiliyinin 20 yanvarda Bakıda başlanan yeni mərhələsi Naxçıvanda ləyaqətlə davam etdirildi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin şanlı bayrağını ilk dəfə qaldırması əslində yaranan yeni dövlətin ilk rüşeymləri idi. Bakıda siyasi rəhbərlikdə oturanlar Azərbaycan xalqının təkidli tələbinə qulaqlarını bağlasalar da, hadisələrin qarşısını almaq mümkün deyildi. Ümummilli liderin hakimiyyətə qayıtdıqdan sonra elə ilk qərarları da Xocalı soyqırımı, ordu quruculuğu və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı olmuşdur. Bu gün əldə olunan şanlı zəfərin bünövrəsi məhz ümummilli lider tərəfindən qoyulmuşdur. Ulu öndərin xalqına ən böyük töhfəsi isə ətrafında sıx birləşə biləcəyi bir liderin yetişdirilməsi oldu.

Vətən müharibəsinin başlanması və 44 gün kimi qısa zamanda bitməsi möcüzə idi. Amma biz möcüzəni  həqiqətə çevirən o məğrur və müdrik xalqıq. Müharibənin sonu kapitulyasiya aktıdır. Özü də bu günədək harada imzalandığının məlum olmadığı akt. Ermənistan dövləti və erməni mifi, “dənizdən dənizə böyük Ermənistan” xəyalları, “məğlubedilməz erməni ordusu” mifləri artıq yoxdur. Olmayan bir həqiqət də var. Status! Nə Dağlıq Qarabağ var, nə də onun heç bir tarixi, siyasi əhəmiyyəti olmayan statusu və heç vaxt da olmayacaq! Biz şərtsiz qalibik. Tarixi, hüquqi və siyasi əsasları nəzərə almasaq belə, hərb meydanında qələbəmiz kapitulyasiya aktına imza atmış məğlub Ermənistanı sənədin şərtlərini şərtsiz yerinə yetirməyə məcbur edir. Biz dünyaya müharibəni necə ləyaqətlə etmək olar, onu da öyrətdik. Babalarımızın bir zamanlar davrandığı kimi, düşməni döyüş meydanında diz çökdürdük. Düşmən isə qadınları, uşaqları, dinc sakinləri vururdu. Bir fərarisi belə olmayan xalqın nümayəndəsi olmaqdan fəxarət hissi duyuram.

Müharibə dövründə təxribatçı ölkələri, ermənilərdən daha çox ermənilik edənləri nəzərə almasaq, dünyanın əksər dövlətləri bizim haqq işimizə dəstək verdilər. Çünki bizim çox ciddi tarixi, siyasi, milli səbəblərimizlə yanaşı, hüquqi əsaslarımız da var idi. Biz heç kimin torpağını zəbt etmirdik, biz öz torpaqlarımızı azad edirdik. Bu, 90-cı illərin əvvəlində də belə idi. Lakin o zamanlar özümüzü ifadə edə bilmədiyimiz üçün bizə qarşı sanksiyalar qəbul olunurdu. Lakin ulu öndər Heydər Əliyev bu hüquqi bazanı yaratdı, dünyanı real fakt qarşısında qoydu. Cənab Prezident İlham Əliyev isə dünya əhalisini müxtəlif hüquqi vasitələrdən istifadə etməklə bu reallığa nəinki inandırmağı bacardı, dünyaya Azərbaycan reallığını qəbul edirdi. BMT-nin Baş Assambleyasının toplantılarında ölkə başçısının bütün dünyanın xeyrinə sülh çağırışları etməsi, Qoşulmama hərəkatına rəhbərliyimiz dövründə dünyada olan bütün dövlətlərə bərabər ədaləti tələb etməsi, Avropa Şurasının iclaslarında gələcək dünya naminə tezislərin səsləndirilməsi ölkəmizə qarşı ikili standartlara bir çox dünya dövlətləri tərəfindən son qoyulması ilə nəticələndi. Bu, qələbəyə aparan yol idi. Bizim tutduğumuz yola ATƏT-in Minsk qrupunun ikili standartları belə mane ola bilmədi. Biz nəinki dünyada olan “super güclərə”, hətta böyük təşkilatlara öz həqiqətlərimizi çatdırdıq. Heydər Əliyev Fondunun layihələri, çox hörmətli Mehriban xanım Əliyevanın humanist yanaşmaları hesabına biz hər bir dünya vətəndaşını Azərbaycan həqiqətlərinə inandıra bildik. Haqqımızda haqsız yerə yaradılmış naxoş bənzətmələri dəyişdik, hətta tolerant xalq, humanist cəmiyyət kimi tanına bildik. Çünki bu, həqiqətdir.

Zəfər yürüşümüzdə bizə ən böyük mənəvi dəstəyi Türkiyə göstərdi. Qanı qanımıza, canı canımıza, ruhu ruhumuza dərman Türkiyə. O günləri xatırlayanlar yəqin ki, Bakıda üç hilallı bayrağı eyni zamanda dalğalandıran on minləri də xatırlayarlar. Amma gəlin görək sizcə bu dəstəyin formalaşması belə asanmı olub? Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bir millət, iki dövlət fəlsəfəsini cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğan dövlət siyasətinə çevirə bildilər. Bu, sadəcə qulağa xoş gələn söz birləşməsi olaraq qalmadı. Vahid strateji siyasi xətt kimi bütün əlaqələrimizin əsasını təşkil etdi. Biz müharibədən sonra da öz qardaşlarımızın əsl qardaşlığını unutmadıq. Türkiyə ilə “Şuşa Bəyannaməsi”, Türkiyə və Pakistanla “Bakı” Bəyannaməsi”, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işlərinə qardaş ölkələrin şirkətlərinin cəlb olunması Azərbaycan xalqının, Azərbaycan Prezidentinin əhdə vəfalı olmasının bariz sübutudur. Ordumuzun formalaşmasında Türkiyə dövlətinin misilsiz xidmətləri vardır. İndi rəşadətli ordumuz dünyanın ən güclü real döyüş qabiliyyətinə malik ordularından biridir.

Müharibə göstərdi ki, milli ruh, milli təfəkkür milyonlarla dollarlıq silahlardan daha çox əhəmiyyətlidir. Belə olmasaydı, 30 il ərzində ermənilərə verilən milyard dollarlıq silahlar indi Hərbi Qənimətlər Parkında olmazdı. Onlar özlərinə aid olmayan, vətən deyə bilmədikləri ərazilər uğrunda döyüşmək istəmədilər. Çünki ermənilər milli təfəkkür, milli ruh əvəzinə xəstə ideologiya formalaşdırmışlar. O da Azərbaycan əsgərinin hərbi çəkməsinin altında əzildi. İndi bütün dünya Azərbaycanın dostluğa, əməkdaşlığa meyilli olduğunu anlayır. İndi Azərbaycansız regional layihələrin həyata keçirilməsi mümkün deyil. Ölkəmiz Zəngəzur dəhlizi vasitəsilə şərqi qərbə bağlayacaq böyük bir iqtisadi, ticari və siyasi əməkdaşlıq yolunun qurucusudur. Biz iqtisadiyyatın regionda düzgün idarə olunması və logistikanın inkişafı yolu ilə sülhü təmin edəcəyik. Erməni xalqı və dövləti tərəqqi etdikcə, maliyyə vəsaitləri əldə etdikcə mənasız, əsassız iddialarına son qoyacaqlar. Bundan başqa yolları da yoxdur. Çünki regionda əməkdaşlığın və təklif etdiyimiz əməkdaşlıq formatlarının alternativi yoxdur.

Zəfər yolu istifadəyə verildi. İndi biz xəyal belə etmədiklərimizi reallaşdıra bilmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur bərpa olunur. İndi Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan torpaqlarımıza ermənilərin havadarları belə bizdən icazəsiz daxil ola bilmirlər. Bir vaxtlar Qarabağda, Şuşada sərxoş halda yallı gedənlər indi Gorus-Qafan yolunda sərbəst hərəkət edə bilmirlər. Bütün millətlərdən olan, bütün etnik qrupların nümayəndələri vahid vətən uğrunda canlarını qurban verdilər. Bilirdilər ki, bu vətən onların da vətənidir və bu dövlət canını, sağlamlığını vətən uğrunda qurban verən hər bir vətəndaşını, əsgərini heç vaxt unutmayacaq. Biz bir yumruq ətrafında Ali rəhbərin çağırışına qoşulduq və bu çağırış bir millətin oyanışı idi. Bax, budur Azərbaycan xalqının Zəfərinin fəlsəfəsi!

Vüqar SEYİDOV,

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri.