Milli ruh vətənpərvərlik meyarıdır
Siyasət

Milli ruh vətənpərvərlik meyarıdır

Vətən müharibəsi gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu təsdiq etdi

2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi əsl vətənpərvərlik meydanına çevrildi. Azərbaycan Ordusunun doğma Qarabağda aparılan əks-hücum əməliyyatlarında torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın  qaldırılması  əsl vətənpərvərlik nümunəsi kimi qəlbimizi fərəh hissi ilə doldurdu. Xoşbəxtik ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda üçrəngli milli bayrağımıza, həmçinin qardaş Türkiyənin Dövlət bayrağına ümummilli sevginin şahidi olduq. Ölkənin işğaldan azad olunan yaşayış məntəqələri haqda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı verdiyi müjdələri eşidən vətəndaşlarımız əllərində bayraqlarla yürüşlərə çıxaraq şəhər və kəndlərimiz  bəzədilibdi.

30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı.  

Şanlı tariximizin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı  Azərbaycan xalqı yumruq kimi Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin ətrafında birləşdi və bu birlik rəşadətli ordumuzu Qələbəyə ruhlandırdı. Zəfər yürüşümüz əzəli və əbədi Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərqərar edilməsi ilə yekunlaşdı. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən, ölkə başçımız tərəfindən diplomatik müstəvidə aparılan uğurlu gedişlər nəticəsində tam təslim oldu və kapitulyasiya aktını imzaladı.

Məhz bu tarixi qalibiyyətimizə görə Vətənini öz canından artıq tutan qəhrəmanlarımıza borcluyuq. Ölkəmizin tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini təsdiq etdi. Gənclərimiz Prezident İlham Əliyev qismən səfərbərlik elan edəndə könüllü kimi orduya yazıldılar. Onlar hərbi xidmətə gedərək, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid, qazi oldular. Müxtəlif orden və medallara, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər.

Müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruh vətənpərvərliyin  əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi məhz onun gəncləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi. … İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. ...Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir”.

Deyirlər, torpaq, əgər uğrunda ölən varsa, vətəndir. Vətən müharibəsində də  xalqımızın el qeyrətli oğulları torpaqlarımızın hər qarışı uğrunda canlarını qurban verdilər. Belə çətin gündə vətənin müdafiəsinə qalxdılar. İgid Vətən oğulları bu torpaq tam olsun deyə canlarını qurban verməkdən heç zaman çəkinmədilər.

İndi hərbi xidmətdən yayınma, fərarilik  hallarına qəti rast gəlinmir. Vətən müharibəsi bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin hərbi çağırışla bağlı il ərzində  imzaladığı dörd sərəncamla gənclər Vətən qarşısında borclarını yerinə yetirmək üçün xidmətə böyük ruh yüksəkliyi ilə gedirlər. Çağırışçı gənclərin çoxunun arzusu isə ön cəbhədə xidmət etməkdir. 

Azərbaycan gəncləri bu gün özlərini müstəqil dövlətin vətəndaşları kimi hiss edirlər. Onların əksəriyyəti də vətənpərvər gənclərdir. Vətənpərvərliyin əsas nümunəsini gənclərimiz müharibə zamanı həm ön, həm də arxa cəbhədə nümayiş etdirdilər. İndi Azərbaycan dövlətinin və gənclərinin gücünü göstərən əsas amillərdən biri məhz Vətən müharibəsində əldə olunan Zəfərdir.      

 Bu gün Milli Ordumuzun peşəkarlığından, gücündən və qüdrətindən qürur hissi duyuruq. Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir və Vətənimizi yağılardan qorumağa hər an hazırdır.

Müşfiq MİRZƏ,

“Respublika”.