Milli ruhun, rəşadətin, igidliyin nümunəsi                            
Region

Milli ruhun, rəşadətin, igidliyin nümunəsi                            

Ölkəmizdə şəhid ailələrinə,  qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğı, doğma münasibət, sözün əsl mənasında,  dünyada ən yaxşı nümunə sayıla bilər.  Sosial müdafiənin gücləndirilməsi istiqamətində elə təşəbbüslər irəli sürülür ki,  başqa ölkələrdə buna rast gəlmək mümkün deyil.  Misal üçün, şəhid ailələrinə,  müharibə əlillərinə dövlət tərəfindən mənzillərin və avtomobillərin  verilməsinə başqa ölkələrdə rast gəlinmir və bu zümrədən olan insanlara dövlət qayğısının ən parlaq nümunəsi hesab olunur.  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.  Şəhid ailələrinin, qazilərin sosial məsələlərinin həllinə,  onların  rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur.  

Müdriklər söyləyib ki,  torpağa su düşəndə palçıq, qan töküləndə Vətən olur. Şanlı qələbə ilə başa çatan Vətən müharibəsində yüzlərlə igid övladımızın qanı tökülən müqəddəs torpaqlara yeni bir həyat qayıdır.  Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq,  Ağdam rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır,  onlarla mütəmadi olaraq görüşlər keçirilir,  mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.  Onları narahat edən problemlər aradan qaldırılır, ehtiyacı olanlara maddi və mənəvi dəstək göstərilir.

Bu günlərdə bir qrup qazi ilə keçirilən növbəti görüşdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov müharibə əlillərinin səhhəti və qayğıları ilə maraqlanıb,  onların daim diqqətdə saxlanıldıqlarını bildirib.  Rayon rəhbəri görüşdə Möhtərəm Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib və bildirib ki,  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə,  həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstəriləcək. Möhtərəm  ölkə başçısının təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir və dövlətimizin başçısının sosial məsələlərin həlli ilə bağlı ortaya qoyduğu siyasi iradə və ardıcıl praktik addımlar,  Azərbaycanın sosialyönümlü dövlət modelini seçdiyini bir daha sübut edir.  Şəhid ailələri və qazilərə diqqət və qayğı,  onların sosial problemlərinin həlli,  sosial məişət şəraitinin yaxşılaşdırılması bu siyasətin ana xəttini təşkil edir. Şanlı tarix yazan igidlərimizin qəhrəmanlığı,  Silahlı Qüvvələrimizin rəşadəti, döyüş qabiliyyəti,  milli ruhu və düşmənə qarşı qisas hissi Prezident-Xalq birliyinin sarsılmaz ifadəsinə çevrilib.

Görüşdə Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün,  hazırda Bakı şəhəri,  Yasamal rayonunda məskunlaşan I Qarabağ müharibəsinin II qrup əlili Tahir Yelmar oğlu Rzayevin 2022-ci il iyulun 20-də yanmış evinin təcili təmir olunması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə razılaşdırılıb. Həmçinin növbəti aydan etibarən hər ayın ikinci həftəsinin ikinci gününün Ağdam Rayon İcra Hakimiyyətində “Qazilər Günü” olacağı bildirilib.

Qazilər dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

                                            Salman ALIOĞLU,

                                              “Respublika”.