MİLLİ SƏRVƏTİMİZ
Digər xəbərlər

MİLLİ SƏRVƏTİMİZ

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən milli-mənəvi dəyərlərimizin,  dilimizin qorunması və inkişaf etdirilməsi  xüsusi qeyd edilir. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"  fikirləri  ilə Vətəninə, xalqına, öz ana dilinə bağlılığını ifadə edən ulu öndər  Azərbaycana rəhbərliyinin hər iki  dövründə ana dilimizə qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir. 

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilsə də, dövlət dili statusunu uzun müddət saxlaya bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yürütdüyü fəal və ardıcıl siyasət Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. 

Ümummilli liderin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra da dilimizin qorunması əsas hədəflər sırasında oldu. Heydər Əliyev həmişə bildirirdi ki, xalqları dil, milli-mənəvi  dəyərlər qədər birləşdirən  başqa vasitə yoxdur. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən,  vəzifəsindən  asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur.

Məhz, ölkə rəhbərinin təşəbbüsü ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu. Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb. Ümumiyyətlə, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. 

Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" barədə fərmanına uyğun olaraq Azərbaycanda ilk dəfə Mingəçevir şəhərində Ana Dili Abidəsi ucaldılmışdır. Mingəçevirin mərkəzindəki Səməd Vurğun küçəsində geniş meydanda ucaldılmış möhtəşəm abidənin təntənəli açılış mərasimi olmuşdur. Tədbirdə çıxış edənlər  dövlət müstəqilliyimizin və milli-mənəvi varlığımızın əsas atributlarından olan Azərbaycan dilinin tarixi, özünəməxsus gözəlliyi, ölkəmizdə tamhüquqlu dövlət dili statusu alması barədə ətraflı danışmışlar.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı   İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Həmçinin, dövlət başçısı 1 noyabr  2018-ci il tarixli  "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzaladı. Qeyd edilən sənədlərdə  ana dilimizin qorunması  üçün həyata keçiriləcək islahatlar, hədəflər öz əksini tapır. Cənab İlham Əliyevin müasir dövrün tələblərini və reallıqlarını nəzərə alaraq 2013-cü ildə  "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı təsdiqləməsi də,  milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi qeyd edildi. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi.

Göründüyü kimi, dilimizin qorunması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirdikdə bu fikri böyük inamla qeyd edirik ki, Azərbaycan xalqı daim  milli kökünə, tarixinə, mədəniyyətinə bağlılıq nümayiş etdirib və onların təbliği istiqamətində davamlı addımları ilə diqqətdə olub. Azərbaycanın 2019-cu ildə  UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması istiqamətində atılan addımlara və əldə edilən uğurlara böyük dəyər kimi xarakterizə olunur. Tam əminliklə qeyd etmək olar ki,  Azərbaycan  ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib.

Zabit XƏLİLOV,

"Respublika".