Milli təəssübkeşliyin ifadəsi
Siyasət

Milli təəssübkeşliyin ifadəsi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

Məktubda 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, Azərbaycan-UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub. Eyni zamanda, 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı yönəlmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə - Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. Qeyd edilənlərlə əlaqədar, Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub. Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.

Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. Vətəninə və xalqına sonsuz məhəbbətinə görə onu hamı sevir. O, doğma Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir. Birinci xanım adını şərəflə daşımağa, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumağa, uşaqdan-böyüyə qədər hamının qayğısına qalmağa çalışıb. UNESCO-nun baş direktoruna ünvanladığı məktubda onun milli təəssübkeşliyinin ifadəsidir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa, ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!”, - deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub.

Azərbaycan dövləti uzun illər ərzində UNESCO ilə əməkdaşlığı daim yüksək səviyyədə saxlamağa çalışıb, bu təşkilat çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə, eləcə də layihələrdə yaxından iştirak edib. Bu təşkilatla Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsində təbii ki, Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Mehriban Əliyeva şəxsən, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünya mədəni irsinin qorunması və bərpasına mühüm töhfələr verib. Diqqətçəkən məqam ondan ibarətdir ki, Fondun həyata keçirdiyi layihələr arasında xristian abidələrinin təmir-bərpası üstünlük təşkil edir. Bu, onun göstəricisidir ki, Azərbaycan dövləti, eləcə də onun Prezidenti və Birinci vitse-prezidenti mədəniyyət nümunələrinə, mədəni, dini irsə münasibətdə də heç vaxt ayrı-seçkiliyə yol verməyib.

Onun himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, təhsilin inkişafı və digər sahələrdə mühüm layihələr həyata keçirilib. Həmçinin xoşməramlı səfir kimi o, Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir. Mehriban xanımın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin məhv edilməsi, təhqir olunması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, sərvətlərin ölkəmizdən qeyri-qanuni şəkildə çıxarılması kimi müharibə cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumatlandırılıb. Təəssüf ki, UNESCO Azərbaycanın maraqlarına biganə yanaşıb, Ermənistanın vandalizminə göz yumub, ikili standartlardan çıxış edib, lazım olanda siyasi, olmayanda isə “mədəni” təşkilata çevrilib.

Qurumdan  işğal olunmuş ərazilərə gəlmək və şahid olduqlarına münasibət bildirmək xahiş olunsa da, onlar həmişə bir bahənə ilə bundan imtina ediblər. UNESCO bu faktların araşdırılmasında maraqlı olmayıb və onlar başa düşüb ki, dağıdılmış, minalanmış Azərbaycan torpaqlarını görən istənilən mütəxəssis işğalçı rejimin cinayətlərinin tanınmasının lehinə çıxış edəcək. Bununla yanaşı, ölkəmiz dəfələrlə Ermənistan ərazisində azərbaycanlılara aid tarixi abidələrin, məzarların dağıdıldığını beynəlxalq təşkilatlara bildirib. Bu vandalizm aktlarının UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması məsələsi də təklif olunub. Lakin təəssüf ki, UNESCO-nun susqunluğu, göstərdiyi laqeyd münasibət erməni tərəfini Azərbaycan xalqının yüzilliklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam etməyə daha azğınlaşdırmışdı.

UNESCO əsas öhdəliklərini, dəyərlərini erməni vandalizminə qurban verməkdədir. Bu isə onsuz da etimadı doğultmayan həmin təşkilatı nüfuzdan salır, onların əsl mahiyyətini ortaya qoyur. Mehriban xanım Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır. UNESCO-nun xoşməramlı səfiri fəaliyyətindən istefa verməsi həm də mühüm siyasi əhəmiyyət kəsb edən hadisə olaraq təqdir olunur.

Mustafa KAMAL,

“Respublika”.