Mina təhlükəsi-ondan necə qorunmalı?!
Region

Mina təhlükəsi-ondan necə qorunmalı?!

Vətən müharibəsi şanlı qələbə ilə başa çatıb, torpaqlarımız işğalçılardan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına azad edilən ərazilərdə miqyasına və həcminə görə dünyada analoqu olmayan nəhəng layihələr icra olunur.

İnsanlığa üzqarası olan, bütün bəşəriyyətə təhlükə yaradan ermənilər otuz ilə yaxın işğalda saxladığı əraziləri xarabalığa çevirib, bütün həyat mənbələrini məhv edib, torpaqlarımızı ölüm saçan minalarla zəhərləyiblər. Bütün çətinliklərə baxmayaraq, tikinti və yenidənqurma işləri uğurla davam etdirilir. İşğaldan azad edilən yurd yerlərində ən böyük təhlükə ermənilərin basdırdıqları minalardır.  Müharibədən sonra həmin ərazilərdə 150 nəfərə yaxın dinc insan həlak olub, yaxud da yaralanıb.

Mənfur düşmən 30 ilə yaxın işğalda saxladığı rayonlarda nəinki bütün binaları, həmçinin tarixi abidələri, yolları dağıdıb və eyni zamanda, hər tərəfi minalayıb. Özü də, təkcə təmas xəttinə yaxın olan əraziləri yox, bütün şəhərləri, kəndləri, qəsəbələri, meşələri, yolları, önəmli strateji yüksəkliklərin hamısını  minalayıb. Düşmən acı məğlubiyyətinin heyfini bu yerlərə qayıdacaq sakinlərdən çıxmağa, böyük qayıdışı ləngitməyə cəhd edib. Dinc insanları minalarla məhv etmək yalnız erməni xislətidir, düşmənin mənfurluğunun göstəricisidir.

Qeyd etmək lazımdır ki, azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur.  Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olub.  Bu erməni faşizminin iç üzünü göstərir, döyüşləri uduzan ermənilər insanlığa qarşı ən ağır hərbi cinayətlərə əl atıblar.

Bütün bunları nəzərə alan Təhsil Nazirliyinin təşəbbüsü ilə respublikamızda 20-dən çox rayonun bütün ümumi təhsil müəssisələrində şagirdlərə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq. Bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının  təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib.

Əmrə əsasən, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşən ümumi təhsil müəssisələrinin  altıncı  siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə bir saat “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.

Dəyərli və xeyirxah təşəbbüsdür, müharibənin ağır nəticələrinin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Məktəblilərin mina təhlükəsinə qarşı maarifləndirilməsi işğaldan azad edilən rayonlarda uşaqların təhlükəsizliyi üçün vaxtında atılan bir addımdır.

Salman ALIOĞLU,

“Respublika”.