Mina təhlükəsinə dair maarifləndirici tədbir
Region

Mina təhlükəsinə dair maarifləndirici tədbir

Elm və Təhsil Nazirliyinin tövsiyəsinə əsasən respublikamızın ümumtəhsil məktəblərində müəllim-şagird heyəti üçün partlayış təhlükəsinə qarşı maarifləndirici tədbirlər həyata keçirilir. Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə keçirilən geniş yığıncaq da bu məqsədə xidmət edirdi. Tədbirdə rayon məktəblərinin direktorları, hərbi rəhbərlər, Qarabağ müharibəsi iştirakçıları, valideyn və şagirdlər iştirak edirdilər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Bayramov mina təhlükəsi, ondan qorunma və aradan qaldırılması yolları barədə tədbir iştirakçılarına əyani vasitələrlə geniş izahat vermişdir.

Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev çıxış edərək deyib ki, bu sahədə maarifləndirmə tədbirlərinin təkcə sərhədyanı ərazilərdə yerləşən məktəblərdə deyil, respublikanın bütün təhsil ocaqlarında aparılmasına ciddi ehtiyac vardır. Natiq qeyd etmişdir ki, mina təhlükəsinə qarşı mübarizə məktəbdən başlanır. Məktəblərimizdə hərbi dərslərin keçirilməsinə diqqət artırılmalıdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Ziyafəddin BAYRAMOV.