Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Digər xəbərlər

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti nümayəndələri iştirak ediblər.

Müvafiq qurumlar tərəfindən prioritetlərə əsasən qarşıya qoyulmuş plan üzrə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi işləri, eləcə də əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan humanitar minatəmizləmə fəaliyyətinin gedişatı (2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 28-dək 5917 hektar ərazi təmizlənmiş, 26 min 931 ədəd mina və PHS aşkar edilmiş, cari ilin oktyabr ayı ərzində isə 381 min 13 hektar ərazi təmizlənmiş, 1846 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir) barədə məlumat təqdim edilib. "Azərenerji" ASC-nin sifarişi əsasında Ağdam elektrik xətti və Qubadlı rayonu ərazisində əkin sahəsi tam təmizlənib, iki layihə üzrə ümumi sahəsi 1020 hektar təşkil edən ərazi aidiyyəti üzrə təhvil verilib. Həmçinin FHN-nin 5 baş minaaxtaran itləri ANAMA tərəfindən akkreditasiyadan keçirilərək təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, Ağdam və Füzuli rayonları istiqamətində cari il oktyabrın 28-dək ümumilikdə 1 milyon 161 min 632 kvadratmetr ərazi təmizlənmiş, 3490 ədəd mina və partlamamış hərbi sursat aşkar edilmişdir. Ərazilərin minalardan təmizlənməsi işinə FHN-in 33 minaaxtaranı cəlb edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən oktyabr ayı ərzində 25 hektar ərazi təmizlənmiş, 40 ədəd mina və partlamamış hərbi sursat (2020-ci ilin noyabrından bu il oktyabrın 28-dək 312 hektar ərazi təmizlənmiş, 3058 ədəd mina və PHS) aşkar edilərək zərərsizləşdirilib.

Təmizlənmiş ərazilərin məlumat və koordinatlarının müvafiq sənədlər üzərində qeyd olunması qaydalarına dair ANAMA tərəfindən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti nümayəndələrinə humanitar minatəmizləmə fəaliyyətində məlumatların idarəolunması təlimlərinin keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanda icra edilən minatəmizləmə əməliyyatlarında istifadəsi üçün təqdim olunan mexaniki vasitələr və minatəmizləmə avadanlıqlarının işğaldan azad edilmiş ərazilərdə fərqli relyef şəraitində test edilməsi, eləcə də test nəticələrinə dair rəy və təkliflər əsasında hesabatlar hazırlanaraq vahid texniki siyasətə uyğun olaraq alınması məsələləri müzakirə olunub.

2022-ci ilin tədbirlər planına uyğun olaraq qurumların işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə dair məlumatlarının müəyyən edilməsi vurğulanıb.

Müvafiq istiqamətlərdə aparılan mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri və göstərilən ümumi fəaliyyət nəticəsində son aylarda mina hadisələrinin azalmasının müşahidə olunduğu qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

AZƏRTAC