Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, əslən Ağdam sakini Mingəçevirdə doğulub boya-başa çatan Həsənov Əzim Fikrət oğlunun bu gün yaşasaydı 23 yaşı olacaqdı. Şəhidin ilk doğum günü uyuduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında məzarı yanında anıldı.
Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit, polkovnik-leytenant Seymur Hidayətov şəhər icra hakimiyyəti başçısı İlham İsmayılovun adından şəhidin ailəsinə başsaglığı verdi, ailəsinə və qohumlarına səbir dilədi. Sonra Şəhidin oxuduğu məktəbin direktoru Ülviyyə Fətəliyeva çıxış edərək, şəhidin keçdiyi qısa mənalı və şərəfli həyat yolundan ətraflı söz açdı. Əzimin qısa, lakin şərəfli ömür yolundan, onunla bağlı xatirələrdən danışılan mərasimdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini, cəsurluğunu bütün dünyaya nümayiş etdirdi.
Şəhid Həsənov Əzim Fikrət oğlu 2001-ci ildə anadan olmuşdur. 2014-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Əzim hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Ötən ilin sentyabr ayının 27-də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam etdirir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidliklə döyüşüb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini dilə gətirərək “ Təki Vətən sağ olsun” söylədilər və ölkə Prezidentinin şəhid ailələrinə daim göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə etdilər.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Əzim Fikrət oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zabit XƏLİLOV,
“Respublika”.