MİNGƏÇEVİR: Qışa hazırlıqla əlaqədar əsas işlər görülüb
Region

MİNGƏÇEVİR: Qışa hazırlıqla əlaqədar əsas işlər görülüb

Ümumiyyətlə, Mingəçevirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhərdə görülən işləri qənaətbəxş hesab etmək olar. Belə ki, elektrik şəbəkəsinin balansında olan 35/6 kV-luq "Karxana 601" YS-dan çıxan 6 kV-luq 18 saylı hava xəttinin zədəli kabel xətləri yenisi ilə, o cümlədən 11 saylı hava xəttindən qidalanan, 400 kVA 9020148 kod saylı yarımstansiyadan güc artımına görə 400 kVA transfarmator 630 kVA transformatorla əvəz olunmuşdur.

Tərtər Regional Qaz İstismar İdarəsinin Mingəçevir Xidmət Sahəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilmiş tədbirlər planına əsasən işlər tam icra olunmuşdur. Naxçıvan, F.Əzimov, H.Hüseynov küçələrində və İnterenerji zavodu ətrafında müxtəlif diametrli yeraltı və həyətlərdən keçən qaz xətləri yerüstü qaz xətti ilə əvəzlənmişdir. Qrafikə uyğun olaraq orta təzyiqli qaz kəmərləri üzərində quraşdırılmış siyirtmələrə texniki baxış keçirilərək texniki qulluq göstərilmişdir. Əhalinin payız-qış aylarında fasiləsiz qazla təminatı üçün tədbirlər planına uyğun nəzərdə tutulan işlər yekunlaşdırılmışdır. İstehlakçılar qış rejiminə uyğun olaraq noyabr ayının 15-dən təbii qazla təmin olunurlar.

"Sukanal" idarəsi tərəfindən tərtib edilmiş tədbirlər planında nəzərdə tutulmuş qrafik üzrə işlər yerinə yetirilmişdir. Şəhərin istilik sistemlərinin istismarı sahəsi tərəfindən idarənin balansında olan istilik qazanxanalarında 2022-2023-cü illərin istilik mövsümünə hazırlıqla əlaqədar istilik sistemləri sınaq təzyiqi ilə yoxlanılmış, qazanxanalar təftiş edilmiş, ehtiyat su çənləri, su qizdırıcıları təmizlənmiş, su sayğacları ilə təmin edilmişdir.

Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin sel sularından mühafizə kanalının 2650 metr hissəsi lil və palçıqdan təmizlənmiş, 240 kubmetr həcmində palçıq kütləsi maşınlara yığılaraq şəhərin zibilxanası ərazisinə daşınmışdır.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi əsasında 368 ədəd qurumuş ağac kəsilib götürülmüş, 280 ədəd ağacın təhlükə törədən budaqları kəsilmiş, 68 ədəd ağacın budanması üçün şəhər icra hakimiyyətinə müraciət olunmuşdur. Mövsümdə şəhərin küçə, xiyaban və parklarına 550 ədəd çinar tingi, 650 ədəd müxtəlif növ ağac tingi və 800 ədəd küknar tingi əkilmişdir. Ümumilikdə 2400 ədəd ağac əkilmiş, əlavə olaraq mövsümdə yeni ağac tingləri əkmək üçün 3 min çala qazılmışdır.

Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı 137 binanın metalkirəmit dam örtüyündə və 104 binanın yağış su novlarında cari təmir işləri aparılmışdır.

Şəhərin ən iri sənaye müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında nəzərdə tutulan işlər əsasən icra olunmuş və stansiya mövsümə hazır vəziyyətə gətirilmişdir.

Şəhər Təhsil şöbəsində 21 ümumtəhsil məktəbindən 18-də, 21 məktəbəqədər təhsil müəssisələrindən 13-də istilik sistemi mövcuddur. Şəhər Təhsil şöbəsinin nəzdində olan məktəbdənkənar müəssisələrdə 2, 17, 19 №-li tam orta məktəblərdə, 2, 3, 5, 9, 15, 18, 20, 21 saylı məktəbəqədər təhsil müəssisələrində istilik sistemi mövcud olmadığı üçün bu müəssisələrdə elektrik qızdırıcılarından istifadə etmək üçün məqsədyönlü tədbirlər nəzərdə tutulmuşdur.

"Şəhər Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxs tərəfindən tabeliyində olan müəssisələrdə elektrik xətlərində, dam örtüklərində olan nasazlıqlar aradan qaldırılmış, sınmış pəncərə şüşələri yeniləri ilə əvəz olunmuşdur.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir Mədəniyyət müəssisələrində elektrik naqilləri yoxlanılmış, qapı və pəncərələri təmir olunmuş, otaqlar standart elektrik sobaları ilə təmin edilmişdir.

Ümumilikdə şəhərin idarə, müəssisə və təşkilatları tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı əsas işlər görülmüşdür.

Zabit XƏLİLOV,

"Respublika".