Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla məktəbin sabiq direktoru Kəmalə Tahirovanın direktor vəzifəsini icra etdiyi 2013-2019-cu illərdə məktəbin xadiməsi vəzifəsində işləyən şəxsin müntəzəm olaraq işə davamiyyəti olmadığı halda ona ümumilikdə 5 min manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsinə şərait yaratmasına, dərsdənkənar, fakültətiv məşğələ qrupları təşkil olunarkən şagirdlərin say həddini gözləməyərək artıq məşğələ saatları tarifləşdirməsinə, həmçinin fakültətiv məşğələ saatlarını rəsmiləşdirməyərək səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC