Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında COVID-19 əleyhinə vaksinasiya prosesinə kölgə salan  faktlarla bağlı cinayət işi başlanıb
Səhiyyə

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında COVID-19 əleyhinə vaksinasiya prosesinə kölgə salan  faktlarla bağlı cinayət işi başlanıb

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında COVID-19 əleyhinə vaksinasiya barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğunda araşdırma aparılıb.

Şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırma ilə həmin xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunmaları barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirakı olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC