Mingəçevir Sənaye Parkı Qafqazda iplik istehsal edən ən böyük müəssisədir
İQTİSADİYYAT

Mingəçevir Sənaye Parkı Qafqazda iplik istehsal edən ən böyük müəssisədir

Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür.

Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, pambıq istehsalı ilbəil artır. Pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.

Ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Həmin fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring” , 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zəif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunur. “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə edilir. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir.

Yeni fabriklərin açılış mərasimində ölkə başçısı İlham Əliyev çıxış edərək demişdir: “... Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük”.

Onu da qeyd edək ki, ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollar təşkil edir.

Mingəçevir Tekstil MMC Qafqaz regionunun iplik istehsal edən ən böyük müəssisəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir və tekstil sahəsində beynəlxalq markaya çevrilir. İplikdə keyfiyyət, ünvana vaxtında çatdırılma, müştərinin tələbatını ödəmək, davamlı əməkdaşlıq prinsiplərini əsas götürən müəssisənin başlıca hədəfi davamlı inkişaf, yeniliklərin tətbiqi, yeni məhsulların araşdırılması, yeni tərəfdaşların tapılması, təbiətə və ətraf mühitə ziyan vurmadan istehsal prosesini davam etdirməkdir. İstehsal prosesində Almaniya, Yaponiya, İsveçrə, Hindistan və İtaliya kimi ölkələrdə yüksək texnologiyalarla hazırlanmış avadanlıqlardan istifadə edilir.

Müasir dövrün tələblərinə cavab verən kadrların seçilməsi, onların peşəkarlığının artırılması üçün müəssisədə hər cür şərait yaradılıb. İstehsal prosesi zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması istiqamətində də işlər görülür.

Hazırda bu fabriklərdə 750-dək insan işlə təmin olunub ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir.

Ümumiyyətlə, ötən 10 il ərzində respublikamızda iqtisadi sahədə böyük müsbət nəticələr əldə olunmuş və qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir. Ötən illərdə iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxş hesab edilir. Beləliklə, Ümumi Daxili Məhsul 2,2 faiz, qeyri-neft sektorunda bu artım 3,5 faiz olmuşdur. Sənaye istehsalı 1,5 faiz, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artır.

Mingəçevir Tekstil MMC-nin yeni fabriklərinin açılışında çıxış edən ölkə başçısı İlham Əliyev bu məsələyə toxunarkən demişdir: “Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda, bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik”.

Bəli, bu gün kənd təsərrüfatı sürətlə inkişaf edir, pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Bu iki mühüm sahənin qarşılıqlı inkişafı zərurətə çevrilir. Təbii ki, bu istiqamətdə inkişaf ölkəmizin tərəqqisinə zəmin yaradır.

Zümrüd QURBANQIZI,

“Respublika”.