MİNGƏÇEVİRDƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB
Region

MİNGƏÇEVİRDƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət vermişdir. Ulu öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə  Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər geniş vüsat alıb. Növbəti dəfə şəhərin Xaldan şosesi istiqamətində, Nəsimi parkının sol tərəfində geniş ağacəkmə aksiyası  keçirilib.

Tədbirdə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər heyəti və təmsilçiləri, şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri,  mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qabaqcadan əraziyə su xətləri çəkilmiş, ağacların əkimi üçün çalalar qazılmışdır. Əraziyə gətirilmiş ağaclar əsasən Eldar şamlarından ibarət olub. Belə ki, hazırda planetar miqyasda baş verən qlobal iqlim dəyişmələri səbəbilə son vaxtlar Mingəçevir şəhər landşaftının formalaşdırılmasında əsasən yerli şəraitə uyğunlaşan və bol oksigen hasil edən ağacların əkilməsinə daha üstünlük verilir.  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir  iştirakçılarını salamladıqdan sonra il ərzində  ağacəkmə aksiyasının ardıcıl olaraq, şəhərin müxtəlif ərazilərində davam etdiriləcəyini diqqətə çatdırıb. Qeyd etmək yerinə düşər ki, il ərzində şəhərin müxtəlif ərazilərində 500 ədədə yaxın ağac tinglərinin əkilməsi nəzərdə tutulub. Start verilən ərazidə isə  aksiya iştirakçıları 200 ədəd Eldar şamı əkib, suvarıb.

Zabit XƏLİLOV,

“Respublika”.