Mingəçevirdə QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramının açılış mərasimi
Sosial həyat

Mingəçevirdə QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramının açılış mərasimi

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramının açılış mərasimi keçirilib.

QHT Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, Agentlik tərəfindən həyata keçirilən QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı davamlı olaraq təşkil ediləcək. Bu təlimlərin QHT-lərin layihələrin yazılması və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayan A.Əliyeva qeyd edib ki, proqrama qeydiyyatdan 259 qeyri-hökumət təşkilatı keçib və müsahibə zamanı onlardan 110 nəfər təlimlərdə iştirak hüququ qazanıb. İştirak edə bilməyən təşkilatlar üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulub.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək təşkil olunan proqramın əhəmiyyətini vurğulayaraq deyib: "Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici tərəfdaşlar ilə rəqabətə girmələri üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var. Əvvəlki illərdə bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilsə də, onlar sistemli xarakter almayıb, ehtiyaclara uyğun təşkil edilməyib. Yalnız "QHT Məktəbi" proqramı davamlılığını təmin edə bilib.

Apardığımız müşahidələr göstərir ki, hər il xeyli sayda qeyri-hökumət təşkilatı yaranır. Lakin onların böyük əksəriyyəti zəruri təlimlər almadan bu işə başlayır, kor-koranə fəaliyyət göstərirlər. Biz bu halı onların təşkilati idarəçiliyində, layihə tərtibatlarında, yerli ehtiyacları öyrəndiklərində, layihələrin icra olunmasında və s. aydın görürük. Bəzən layihə təşəbbüsləri donor təşkilatlar tərəfindən müsbət qiymətləndirməyən QHT-lər günahı özlərində axtarmırlar. Sonradan məsələni araşdıranda məlum olur ki, QHT-nin təcrübəsizliyi və layihələrin keyfiyyətsiz yazılışı səbəbindən donor haqlı qərar qəbul edib".

O diqqətə çatdırıb ki, bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşıda duran vəzifələrdən biridir. QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər.

Açılış nitqlərindən sonra təlimlərə start verilib.

Təlimlərin birinci günündə iştirakçılara "Dataların yığılması və təhlili", "Logframe - Məntiqi çərçivənin hazırlanması və dizaynı" mövzularında təlimlər keçirilib. Təlimlər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılara mövzularla bağlı nəzəri biliklər verilib və onların mövzu ilə bağlı sualları cavablandırılıb.

AZƏRTAC