MİNİATÜR KİTAB MUZEYİ
Mədəniyyət

MİNİATÜR KİTAB MUZEYİ

"Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir". Bu sözlər ulu öndər Heydər Əliyevin zəngin miniatür kitab xəzinəsinə malik Zərifə Salahovanın əməyinə verdiyi yüksək qiymətdir.

İndi həmin zəhmətin nəticəsi olaraq toplanan miniatür kitablar insanların istifadəsinə verilib, Bakı, Naxçıvan və Gəncə şəhərlərində Miniatür Kitab Muzeyləri fəaliyyət göstərir və böyük maraq doğurur.

Miniatür Kitab Muzeyinin Gəncədə fəaliyyət göstərən filialının kitab fondunu 29 ölkənin müxtəlif nəşriyyatlarında nəşr olunan 1111 nüsxə müxtəlif mövzulu miniatür kitab bəzəyir.

Bu kitablar nəşr olunduğu ölkənin bayrağı ilə bəzədilən 15 xüsusi guşədə nümayiş etdirilir. Həmin guşələrdə türk, rus, ingilis, alman, ərəb, gürcü və digər dillərdə çap olunmuş kitablar sərgilənir.

Muzeydə ulu öndərin həyat və fəaliyyətini əks etdirən "Heydər Əliyevin Vətənə, dövlətə sədaqət andı" adlı miniatür kitab, Azərbaycanın həyatında baş vermiş mühüm tarixi hadisələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətlərini, əks etdirən Azərbaycan klassik ədəbiyyatı, elm və incəsənətindən bəhs edən, miniatür kitablar önəmli yer tutur.

Bundan əlavə, muzeydə dini mövzuda kitablar, rus, sovet və xarici ölkələrin klassikası da nümayiş etdirilir.

Ekspozisiyanın ən kiçik kitabı "Moy Baku", ən qədim kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan "Qurani-Kərim" nüsxəsidir.

Muzeyə kitabsevərlər, xüsusilə də gənclər böyük maraq göstərirlər.

Muzeyin əməkdaşı Aytən Əliyeva deyir ki, muzeyimizin açılmasından ötən vaxt ərzində məktəblilər, tələbələr, kitabsevərlər muzeyimizə tez-tez gəlir, və buradan zəngin təəssüratla ayrılırlar.

Muzeyin təsisçisi və yaradıcısı, respublika "Kitab" cəmiyyəti idarə heyətinin sədri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova muzeylə vaxtaşırı əlaqə saxlayır, əldə etdiyi yeni miniatür nəşrlərlə fondu daha da zənginləşdirir.

Aytən Əliyeva sözünə davam edərək deyir ki, muzeyimizdə on bir min on bir miniatür kitab olmasına baxmayaraq, Zərifə xanım fondun daha da zənginləşdirilməsi üçün vaxtaşırı kitablar təqdim edir. Sonuncu dəfə daha 24 miniatür kitab almışıq. Onlar Azərbaycan, Türkiyə, Fransa, Rusiya və Ukraynanın müxtəlif nəşriyyatlarında çap edilən nüsxələrdir.

Miniatür Kitab Muzeyi təkcə şəhər sakinlərinin deyil, müxtəlif xarici ölkələrdən olan kitabsevərlərin də böyük marağına səbəb olur.

Miniatür Kitab Muzeyində 44 günlük Qarabağ müharibəsinə həsr edilmiş xüsusi guşə yaradılıb. "Qarabağ Azərbaycandır!" adlı guşədə ulu öndər Heydər Əliyevin Qarabağ problemi ilə bağlı apardığı gərgin siyasi fəaliyyət və Prezident İlham Əliyevin çıxışları nəşr edilmiş miniatür kitablar nümayiş etdirilir. Qarabağ müharibəsində qazanılmış qələbəyə həsr edilən kitablar da diqqəti cəlb edir.

Qeyd edək ki, Zərifə Salahovanın Miniatür Kitab Muzeyinin ekspozisiyası miniatür kitabların dünyada ən zəngin və ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına düşüb və sertifikat təqdim olunub.

Vaqif TANRIVERDİYEV,

 "Respublika".