Misir səfiri: Azərbaycan bizim üçün önəmli ölkədir
MÜSAHİBƏLƏR

Misir səfiri: Azərbaycan bizim üçün önəmli ölkədir

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ölkələrimiz arasındakı mövcud siyasi-iqtisadi münasibətlər, mədəni əlaqələr, turizm imkanları, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində Misir şirkətlərinin iştirakı və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

–Cənab səfir, Azərbaycan-Misir əlaqələrinin qədim tarixi var. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əlaqələrin inkişafında yeni mərhələ başlayıb. Bununla bağlı nə deyə bilərsiniz?

–Misirin Azərbaycandakı səfiri olaraq ilk müsahibəmi AZƏRTAC kimi mötəbər xəbər agentliyinə verməkdən və sizi Bakıdakı Misir evində salamlamaqdan məmnunam.

Misir-Azərbaycan əlaqələrinin tarixi çox qədim olsa da, dövlətlərimiz arasında diplomatik münasibətlər təqribən 30 il əvvəl qurulub. Qeyd etmək yerinə düşər ki, Misirin sabiq Prezidenti Camal Əbdül Nasir hələ 1958-ci ildə Azərbaycana səfər etmişdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı qoyulub və artıq 30 ildən sonra bu əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir.

İqtisadi əlaqələrə gəldikdə, qeyd etməliyik ki, bu istiqamətdə hər iki tərəfdə böyük potensial var, lakin hazırkı göstəricilər mövcud potensialı əks etdirmir. Bildirməliyəm ki, bu ilin fevralında Bakıda Misir-Azərbaycan hökumətlərarası müştərək komissiyanın iclasının keçirilməsi ilə bu məsələ də öz həllini tapmaqdadır.

Ölkələrimizin mədəniyyətləri arasında bir çox oxşarlıqlar və yaxınlıq var. Belə ki, hər iki cəmiyyətdə tolerantlıq mövcuddur və bu, Misirlə Azərbaycanın sülhsevər dövlətlər olduğunu göstərir.

Mədəni sahədə əlaqələrdən danışarkən deməliyəm ki, Azərbaycan filmləri Misirdə keçirilən Qahirə, Şarm-əl-Şeyx və digər festivallarda, Azərbaycan nəşrləri isə Qahirə kitab sərgisində nümayiş olunur. Bu tədbirlər yerli tamaşaçı və oxucu auditoriyası tərəfindən böyük sevgi ilə qarşılanır. Bu, həm də onu göstərir ki, Azərbaycanın mədəni və mənəvi ruhu Misir üçün qətiyyən yad deyil.

–Yəqin ki, 30 il əvvəl Azərbaycanın zorla cəlb edildiyi regional münaqişə, eyni zamanda, 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə və onun nəticələri barədə məlumatlısınız. Azərbaycanın işğaldan azad edilən ərazilərində bu gün nəhəng bərpa-yenidənqurma işləri aparılır. Misir şirkətlərinin bu layihələrdə iştirakı ilə bağlı nə kimi gözləntilər var?

–Misirdə bizim belə bir prioritetimiz var ki, davamlı sülhə nail olmağın yolu danışıqlardan keçir. Biz bunu regiondakı təcrübəmizə əsaslanaraq deyirik. İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh tez-gec bərqərar olacaq. Azərbaycan hökuməti nə etməyi və hansı hədəflərə çatmaq istədiyini yaxşı bilir.

Etimadnaməmi Azərbaycan Prezidentə təqdim edərkən bir sıra məsələlər, xüsusilə azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, infrastrukturun bərpası işlərində Misir şirkətlərinin iştirakı ilə bağlı söhbətimiz oldu. Artıq bu istiqamətdə addımlar atılır. Hökumətlərarası müştərək komissiyanın fevral ayında keçirilən iclasının nəticələrindən biri də budur. Misir tərəfdən müştərək komissiyanın sədri, beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Maşat Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə bu məsələ ətrafında müzakirələr aparıb. Eyni zamanda, ölkələrimizin özəl sektorları arasında da əməkdaşlıq önəmlidir.

Yaxın günlərdə Misirlə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək və düşünürəm ki, orada da hər iki ölkənin mənafeyinə xidmət edən məsələlər müzakirə mövzusu olacaq.

Misir Azərbaycanla əlaqələrə xüsusi önəm verir və bir çox sahələr üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu, ölkənizin yerləşdiyi coğrafi məkanın geostrateji önəmi ilə birbaşa bağlıdır. Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması həm regiona, həm də ətraf bölgələrə müsbət təsirini göstərəcək. Azərbaycan bizim üçün önəmli ölkədir.

Fürsətdən istifadə edərək, 30 iyun inqilabında Misir xalqının iradəsini dəstəklədiyi üçün Azərbaycanın siyasi rəhbərliyinə təşəkkürümü bildirirəm.

–Artıq dördüncü aydır ki, Azərbaycandasınız. Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.

–İlk növbədə, qeyd edim ki, ölkəniz çox gözəldir, burada sabitlik hökm sürür. Azad olunmuş ərazilərə - Ağdama, Kəlbəcərə getdim. Kəlbəcərin gözəlliyi məni sözün əsl mənasında heyrətləndirdi. Oraları təbiətin möcüzəsi kimi qəbul etmək olar. Bu gözəllikdən xüsusi zövq aldım.

Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpasını planlı şəkildə həyata keçirir. Bu ərazilərin yenidən qurulması ölkənizdə turizmin inkişafının yeni mərhələsinə təkan verəcək.

–Cənab səfir, ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığının bu günü və perspektivləri barədə nə deyə bilərsiniz?

–Qeyd etməliyəm ki, Misirlə Azərbaycanın adları çəkilən beynəlxalq təşkilatlar çərçivəsində çox məhsuldar əməkdaşlığı var, biz bir sıra prinsipial məsələlərdə, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə haqqın tərəfində olmuşuq. Bu ilin noyabrında Şarm-əl-Şeyxdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti konfransı keçiriləcək. Azərbaycan Prezidentinin həmin tədbirdə iştirakından çox məmnun olardıq. Çünki Prezident İlham Əliyev dünyada iqlim dəyişikliklərinin qarşısının alınmasına, tarixi abidələrin qorunmasına böyük diqqət ayıran liderlərdən biridir.

Azərbaycan müxtəlif çağırışların həlli ilə bağlı müzakirələrin aparıldığı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Məsələn, mənim də iştirak etdiyim Bakı Qlobal Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin konfransı, Qoşulmama Hərəkatına üzv dövlətlərin Parlament Şəbəkəsinin Bakı Konfransı kimi mühüm tədbirlər cəmi bir ay ərzində baş tutub.

Sonda azərbaycanlı turistləri Misirə dəvət etmək istərdim. Əminəm ki, bu səfər onların xatirəsində həmişəlik qalacaq.

AZƏRTAC