Möcüzələr adası  -
Sosial həyat

Möcüzələr adası  - "Neft Daşları"

Elektron medianın hakim olduğu bir dövrdə ənənəvi qəzetçilikdən, qəzetdən danışmaq bəlkə də kimlərəsə qəribə görünə bilər. Ancaq bir həqiqət də var ki, məhz belə bir dövrdə qəzetçilik ənənələrinə sadiq qalıb onu yaşatmaq özü də qəhrəmanlıqdır. Əgər jurnalistikanı canlı varlığa bənzətsək, onun onurğa sütununu qəzet təşkil edir. Dövrümüzə qədər gəlib çıxan, özünü yaşadıb, işini davam etdirə bilən mətbu orqanlardan biri də "Neft Daşları" qəzetidir.

Qəzet ilk dəfə 1967-ci il oktyabr ayının 3-də nəşr olunmuşdur. Bu o dövr idi ki, Neft Daşlarında neft hasilatı üzrə ən yüksək nəticə əldə olunmuşdu. Çətin iş şəraiti olan neftçilərin fəaliyyətini işıqlandıran qəzetin özünün də işi gərgin idi. Bu qəzet digər mətbu orqanlar kimi rahat kabinetlərdə araya-ərsəyə gəlmirdi. Eyni zamanda, bu sahədə ilk və yeganə qəzet idi. Dünyanın səkkizinci möcüzəsi adlanan Möcüzələr adasında doğulmuşdu "Neft Daşları" qəzeti.

Xəzər Tanrının möcüzəsidirsə, dəmir estakadalar üzərində, gur suların qoynunda salınan Möcüzələr adası da insan zəkasının yaratdığı möcüzədir. Bu möcüzəni, Xəzərin qoynunda hər gün baş verən yenilikləri, uğurları bir sıra qəzetlər işıqlandırsa da, bu, neftçilər üçün yetərli deyildi. Əldə olunan uğurları daha geniş şəkildə işıqlandırmaq üçün neftçilərin mətbu orqanına ehtiyacı var idi. Eyni zamanda, onların qəhrəmanlığından ölkə ictimaiyyətinin də xəbər tutması vacib idi. Elə bu ehtiyacdan, zərurətdən yaranan "Neft Daşları" qəzeti neftçilərə bir ərməğan oldu. Dörd səhifədən ibarət - iki səhifəsi Azərbaycan, iki səhifəsi rus dilində nəşr olunan qəzet təkcə neftçilərin uğurlarını deyil, eyni zamanda üzləşdikləri problem və çətinlikləri də işıqlandırırdı.

Milli sərvətimiz olan qara qızılın şöhrətindən, neftçilərin əməyidən söz açan, işıqlı bir qəzetə çevrildi "Neft Daşları". Amma 1990-cı ildə ölkədə hökm sürən böhran, hərc-mərclik qəzetin işinə öz mənfi təsirini göstərirdi. Beləliklə, maliyyə sıxıntısı yaşayan qəzet 1992-1993-cü illərdə nəşrini dayandırdı. Yalnız ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsi sayəsində uğurlar, neftçilərin həyat şəraitinin yaxşılaşdırılması qəzetin fəaliyyətinə də öz təsirini göstərdi. 1993-cü ildə "Neft Daşları"nın bir qrup ziyalılarının, yaradıcı insanların səyləri ilə qəzetin fəaliyyəti bərpa olundu. 2003-cü ildən səkkiz səhifə çıxan qəzet bu gün də işini davam etdirir. Öz dəst-xətti, eyni zamanda fərqli iş üslubu olan, Xəzərin qoynunda, xırçın ləpələrin zümzüməsində özünə məskən salan "Neft Daşları" qəzetinin bu il 55 yaşı tamam olur. Həmkarlarımızı bu münasibətlə təbrik edir, çətin, şərəfli işlərində uğurlar arzulayırıq. Qələminiz heç vaxt kökdən düşməsin, təbiniz Xəzərdə möcüzələr yaratsın, əziz həmkarlar.

Ramidə YAQUBQIZI,

"Respublika".