2018-ci ildə xalqımızın bir daha yüksək etimadını qazanaraq dördüncü dəfə dövlət başçısı seçilən cənab İlham Əliyevin prezident seçkiləri ərəfəsində xalqla təmaslarında, çıxışlarında söylədiklərindən, aprelin 18-də andiçmə mərasimində önə çəkmiş olduğu problemlər ətrafında verdiyi proqnozlardan aydın olurdu ki, Prezident yeni bir Azərbaycan uğrunda əhəmiyyətli mərhələyə qədəm qoymaq niyyətindədir. Prezident seçildikdən dərhal sonra ciddi xarakter daşıyan və cəmiyyətin bütün tərəflərini əhatə edən islahatlar həyata keçirməyə başladı.
Yeni, gənc və vətənpərvər şəxslər yüksək vəzifəyə gətirildi, hökumət demək olar ki, yenidən formalaşdırıldı. Prezident Administrasiyasında da ciddi struktur dəyişikliyi həyata keçirildi. Davam edən iqtisadi, sosial və hüquqi islahatlar daha da dərinləşdirildi. Vətənpərvər insanların ölkəmizdə özünütəsdiq etmək və biliyini nümayiş etdirmək üçün açılmış olan geniş imkanlar və bu xüsusda milli hissləri, dövlətə sədaqəti ilə fərqlənən gənclərimizə bütün sahələrdə geniş meydan vermək son dərəcə əsas şərt idi və bunun bəhrəsi artıq özünü göstərir.
Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti kimi demişdir: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır".
Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 20 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən böyük nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində "Mən ona özüm qədər inanıram" sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub.
Respublikamızda keçirilən seçkilərdə Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirib, 1993-cü ildən başlayaraq bu günə qədər keçirilən seçkilərdə də ulu öndərin siyasətinə səs verib. 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyərkən Heydər Əliyevin yoluna səs vermiş oldu. 2008, 2013 və 2018-ci illərdə isə xalq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını görərək öz taleyini bir daha ona etibar etdi və bu uğurların da əsasında yenə Heydər Əliyevin müəyyən etdiyi strategiyanın dayandığı şübhəsizdir. Dövlət başçısı İlham Əliyev 2013-cü ildə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində deyirdi: "Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Azərbaycan xalqı bu seçkilərdə son 10 il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir".
2018-ci ildən etibarən cəmiyyətin bütün təbəqələrini əhatə edən, dərin və geniş xarakter daşıyan islahatların verdiyi bəhrələr Azərbaycanın ən böyük uğurlarıdır. Məhz bu uğurlar ölkəmizi yaxın zaman kəsiyində daha ciddi mərhələyə çıxaracaqdır. Biz artıq bu yolla gedirik, qarşımızdakı ən böyük maneə işğalda olan torpaqlarımızın azad edilməsi idi ki, bu da həyata keçirildi.
Ötən bu illərdə Prezident İlham Əliyev siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirdi. Bu isə dövlət başçısının potensialının hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır. 2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatına cavab olaraq geniş hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusunun Ali Baş Komandanı və bir dövlət başçısı kimi bütün məsuliyyət onun çiyinlərində idi. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya səhəsində də uğurlarımızı şərtləndirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatlarını həyata keçirdi. Vətən müharibəsi ölkəmizin hərbi-diplomatik qələbəsi ilə nəticələndi.
Qeyd edək ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi Prezident İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini, tərəfdarlarını qıcıqlandırır və bərk narahat edir. Buna görə də, onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt yaradır.
Bütün dünya görür ki, Azərbaycan sülhpərvər ölkədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır: "Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq".
Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür, respublikamızın digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Çətin pandemiya dövründə isə ölkəmizin ədalətli mövqeyini bir daha nümayiş etdirdi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyanın diqqətini bu məsələyə yönəltdi, peyvəndlərin paylanmasının ədalətli şəkildə həyata keçirilməsinin zəruriliyini bildirdi, bu istiqamətdə bəzi ölkələrə, Ümumdünya Səhiyyə Təşkilatına yardım etdi.
Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Dövlətləri Təşkilatına) ikiillik sədrliyi dönəmində türk dünyasının birləşməsi üçün böyük səy göstərdi, bir çox tədbirlər həyata keçirdi. Hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə mühüm bir mesaj vermişdi: "Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır".
Bu gün reallığa çevrilən Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev bu baxımdan da türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir. Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi də təbii və ədalətlidir.
Cənab Prezident 20 illik fəaliyyəti dövründə həmişə xalqına arxalanıb, onun dəstəyindən güc alıb. Dövlətimizin uğurlarının əsasında da elə xalq-iqtidar birliyi dayanır. Qarşıda bizi daha möhtəşəm qələbələr gözləyir!..
Zümrüd QURBANQIZI,
"Respublika".