MOK-un 30 illik yubileyi münasibətilə “Heydər zirvəsi
Sosial həyat

MOK-un 30 illik yubileyi münasibətilə “Heydər zirvəsi"nə yürüş

Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə MOK-un rəsmiləri, olimpiyaçılar və "ReAzerbaijan" üzvlərindən ibarət qrup "Heydər zirvəsi"nə qalxıb.

MOK-dan AZƏRTAC-a bildirilib ki, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik etdiyi qrup üzvləri 14 saatlıq yürüşün sonunda MOK-un 30 illik loqosunun əks olunduğu bayrağı "Heydər zirvəsi"nə sancıblar.

Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhval-ruhiyyə və qürurla "Heydər zirvəsi"nə qalxıblar. Ulu Öndərin əziz xatirəsi yad edilib və Azərbaycan bayrağı dalğalandırılıb. Dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə MOK-un İdman İdarəsinin direktoru Həsənağa Rzayev, İdman idarəsinin işçiləri Vaqif Əliyev, İntiqam Səfərov, Beynəlxalq əlaqələr idarəsinin direktoru Anar Bağırov, Marketinq idarəsinin üzvləri Səkinə Vəliyeva, Ruslan Məmmədov, Olimpiya çempionları Nazim Hüseynov, Fərid Mansurov, olimpiyaçı Fəridə Əzizova, həmçinin "ReAzerbaijan"ın təsisçisi Adnan Hüseyn, blogerlər Orxan Aslanov, Vəfa Əli, Fuad Tağıyev, Həvva Səfərova, Cəfər Nəcəfov və başqalarından ibarət qrup qalxıb.

AZƏRTAC