Moldova: Vediyə, doğma kəndim Xalisaya qayıtmaq istəyirəm
Digər xəbərlər

Moldova: Vediyə, doğma kəndim Xalisaya qayıtmaq istəyirəm

Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirmək yolunda inamlı addımlar atan Azərbaycan dövlətinin məqsədi Qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qovuşdurmaqdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə açıq şəkildə bildirdi ki, vaxtilə ata-baba torpaqlarından deportasiya olunan Qərbi azərbaycanlılar tarixi ərazilərinə qovuşacaqlar.

Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Bəli, tarixi mənbələrdən də aydın göründüyü kimi, son bir əsrdə ermənilər Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulub, kütləvi soyqırımlara məruz qalıblar.

Xalqımızın taleyində faciəvi rol oynamış hadisələrdən biri də ötən əsrin əvvəllərində bolşevik Rusiyasının yaratdığı qondarma Ermənistana tarixi şəhərimiz İrəvanın verilməsi oldu. Düzdür, o dövrdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin səriştəsizliyi və zəifliyi də İrəvanın ermənilərə verilməsinə şərait yaratdı. Bununla kifayətlənməyən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail oldular. 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı növbəti cinayətinin nəticəsi olaraq Qərbi azərbaycanlılar yenidən deportasiyaya məruz qaldılar. Həmin illərdə 150 min soydaşımız ən ağır şəraitdə Azərbaycanın aran rayonlarında məskunlaşdılar.

1988-ci ildə SSRİ-nin ilk və sonuncu prezidenti ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq avantürasından istifadə edən ermənilər Qərbi azərbaycanlıların son deportasiyasını da reallaşdırdı, 300 minə yaxın soydaşımız Qərbi Azərbaycandan zülm və işgəncə ilə qovuldu. Ermənistan təkmillətli respublikaya çevrildi. Daşnakların "Azərbaycanlılarsız Ermənistan" ideyası həyata keçirildi. 1988-ci ildə şovinist "miatsum" hərəkatı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlandı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamağı qarşıya mühüm vəzifə kimi qoymuşdur. Bu, bütün soydaşlarımız kimi, Vedi mahalının sakinlərini də sevindirir. Ölkə başçısının ötən il dekabrın 24-də Qərbi azərbaycanlılarla görüşünü Moldovada yaşayan vedililər hərarətlə qarşıladı. Bu xoş xəbər bizdə sabaha inam yaratdı. Əmin olduq ki, çox tezliklə biz qəribsəmiş yurd yerlərimizə qayıdacağıq. Ulu tanrıdan diləyim budur ki, tezliklə doğma kəndim Xalisaya qayıdım.

Bahəddin HÜMMƏTOV,

iş adamı.