Moldova XİN-in başçısı: Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində gözəl əməkdaşlığımız var
MÜSAHİBƏLƏR

Moldova XİN-in başçısı: Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində gözəl əməkdaşlığımız var

Görüşdə biz iqtisadi tərəfdaşlıq haqqında da danışdıq. Moldovada Azərbaycanın 130 şirkəti fəaliyyət göstərir. Biz bu sayın artmasında maraqlıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, azərbaycanlı həmkarı ilə görüşdə, həmçinin iki ölkə arasında kənd təsərrüfatı və digər sahələrdə biznes əlaqələrinin genişləndrilməsindən, mobil operatorlar üçün rouminq xərclərinin aradan qaldırılmasından danışılıb. Qeyd olunub ki, Moldova ilə Azərbaycan arasında münasibətlər daha da güclənsə, birbaşa hava əlaqəsi yaradıla bilər.

Moldovalı tələbələrin ADA Universitetində bir sıra kurslarda iştirak etdiklərini məmnunluqla diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan icması Moldovada fəal rola malikdir, eyni zamanda, Moldova icması Azərbaycanda fəaldır, bu isə münasibətlərin güclənməsinə təkan verir.

"Şərq Tərəfdaşlığı çərçivəsində gözəl əməkdaşlığımız var. Pandemiya dövründə Azərbaycan bizə kömək etdi, dəstək göstərdi. Biz bunu yüksək qiymətləndiririk və buna görə təşəkkür edirik", - deyə N.Popesku əlavə edib.

AZƏRTAC