Monitorinqlərlə müəssisələrdə aşkar edilmiş nöqsanlar aradan qaldırılır
Digər xəbərlər

Monitorinqlərlə müəssisələrdə aşkar edilmiş nöqsanlar aradan qaldırılır

Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən "2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı"nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir. Proqramın icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb.

Millət vəkili AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul etdiyini və sənədin icrası üçün əməli tədbirlər həyata keçirildiyini: Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfransın reallaşdırıldığını qeyd edib.

İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib. Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91 %-i aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələrilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib.

Yeni proqramın layihəsinə bəzi irad və təkliflərini bildirən millət vəkili qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyacın olduğunu bildirib.

Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsizliyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi.