Moskva Dövlət Universitetindən gələn məktub
Elm və təhsil

Moskva Dövlət Universitetindən gələn məktub

Yaxud  Azərbaycan aliminin nanotexnologiya sahəsindəki uğurlarını rus alimləri yüksək qiymətləndirirlər.

“İndiki dövrdə neft hasilatında ən aktual problemlərdən biri çətin çıxarılan qalıq ehtiyatlara malik yataqlarda neftvermə əmsalını artırmaqdan ibarətdir. Belə ki, çətin çıxarılan qalıq neft yataqlarına, ilk növbədə, qeyri-nyüton, özlüklü və parafinli neftlər aid olunur. Az qala iki əsrə yaxın neft hasilatı təcrübəsinə malik Azərbaycan məhz bu cür yataqlarla zəngindir. Göstərilən problemlərin həllində neftvermə əmsalının artırılmasına təminat verən daha səmərəli texnologiyaların axtarışı və tətbiqi başlıca vəzifələrdən hesab olunur.

Son illərdə dünyada yeni elmi istiqamətlərdən biri kimi nanoelmin və onun əsasında nanotexnologiyanın meydana gəlməsi və sürətli inkişafı bir çox sahələrdə olduğu kimi, neft və qaz hasilatında da yeni innovasiya texnologiyalarının tətbiqinə imkan verir”.

Bu sətirlər Moskva Dövlət Universitetinin  fizika fakültəsinin əməkdaşları – fizika-riyaziyyat elmləri doktoru Q.B.Xomutov və fakültənin elmi katibi, fizika-riyaziyyat elmləri doktoru, professor V.A. Karavayevin Azərbaycan Milli Elmlər Akademiyasına ünvanladığı məktubdan götürülmüşdür.

Məktubda daha sonra qeyd olunur ki, neft sənayesində  nanotexnologiyanın tətbiqində Azərbaycanın adı lider ölkələr siyahısında çəkilir. Həmin işlər texnika elmlər doktoru, professor Eldar Şahbazovun rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilir. Onun elmi-tədqiqatlarının nəticələri hələ 2008-ci ildə Moskvada keçirilən beynəlxalq “Rosnanotex” forumunda geniş rezonans doğurmuşdur.  Həmin forumda E.Şahbazov geniş məruzə ilə çıxış etmiş və “kollektor-lay-quyu” sisteminə nanotexnologiyanın istehsalata tətbiqinin uğurla həyata keçirildiyini sübut etmişdir. 

Daha sonra məktubda professor Eldar Şahbazovun elmi-tədqiqatlarının dünyanın bir çox nüfuzlu elmi nəşrlərində dərc olunduğu, habelə neftçıxarma sahəsində nanotexnologiyanın tətbiqində və inkişafındakı xidmətlərinə görə UNESCO-nun laureatı adına layiq görüldüyü minnətdarlıq hissi ilə qeyd olunur.

A.ƏHMƏDOV,

“Azərbaycan neft təsərrüfatı” jurnalının əməkdaşı.