Moskvada Zəfər Günü qeyd olunub
Diaspora

Moskvada Zəfər Günü qeyd olunub

Azərbaycanın Rusiyadakı səfirliyində Zəfər Günü ilə əlaqədar qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Moskvada akkreditə olunmuş çox sayda diplomatik korpusun yüksəkvəzifəli diplomatları, o cümlədən səfirlər, müşavir-elçilər və hərbi attaşelər, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, torpaqlarımızın işğalçılardan azad olunması naminə döyüşən, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilən sıravi Kamal Quluzadə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, politoloqlar, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin görkəmli təmsilçiləri iştirak ediblər.

Tədbir zalında Zəfər Gününə həsr edilmiş banerlər, eləcə də 44 günlük Vətən müharibəsindən bəhs edən fotostendlər quraşdırılıb.

Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu qeyd edib ki, illər əvvəl ölkəmizin ümummilli lideri Heydər Əliyev deyib: "Biz Qarabağ məsələsini həll edəcəyik. Bizə vaxt lazımdır. Heç kəs Azərbaycanın torpağını əlindən ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun". Ulu Öndərin sözləri gerçəkləşib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz yüksək döyüş məharəti nümayiş etdirərək uzun müddət ərzində işğal altında olan torpaqlarımızı azad edib.

Diplomat vurğulayıb ki, 8 Noyabr təkcə milli qürur günü kimi deyil, həm də tarixi ədalətin, beynəlxalq hüququn təntənəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin işğaldan azad olunduğu elan edilib.

Səfir vurğulayıb ki, Qarabağın tacı olan doğma şəhərin azad edilməsi dünya hərb tarixində nadir əməliyyatlardan biridir. Bu Qələbə Azərbaycanın igid oğul və qızlarının həyatları bahasına əldə edilib. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmayacaq və onların xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Polad Bülbüloğlu qeyd edib ki, 28 illik fəaliyyəti ərzində ATƏT-in Minsk qrupu ikili standartlar göstərib, bu münaqişənin həllində özünün tam acizliyini nümayiş etdirib. Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başlayıb, öz suveren ərazisində beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və beynəlxalq humanitar hüquqa uyğun olaraq hərəkət edib və Ermənistan hərbi əməliyyat sahəsindən uzaqda yerləşən dinc şəhərlərimizi bombalamasına baxmayaraq, Azərbaycan mərdlik nümayiş etdirərək, Ermənistanın yaşayış məntəqələrini atəşə tutmayıb.

Səfir bildirib ki, işğalın ağır nəticələrinə baxmayaraq, Azərbaycan suverenliyinin və ərazi bütövlüyünün, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarıdır və ölkələrimiz arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır. Eyni zamanda, iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üçün səylər göstərilir.

Polad Bülbüloğlu vurğulayıb ki, müharibənin başa çatmasından iki il sonra Azərbaycan bir daha Ermənistanın sülh istəməməsinə, yenidən revanşist ideyalarla yaşamasına, danışıqların imitasiya praktikasından istifadə edərək, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırdığına əmin oldu. Azərbaycan hələ də öz torpaqlarına iddialı qüvvələrə bütün mümkün vasitələrlə cavab verməyə hazırdır. Diplomat bildirib ki, bu bayram günündə Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərində hərbçilərlə görüşdə bir sıra ciddi bəyanatlar verib. Bu bəyanatlar həm Ermənistana, həm digər beynəlxalq oyunçulara bizim qırmızı xətlərimizi aydın göstərib, Azərbaycanın sülh istədiyi, lakin dəmir yumruğun da yerində olduğu və lazım gələrsə, ərazi bütövlüyümüzə qarşı təhdidlərə cavab olaraq istifadə olunacağı barədə mesajlar göndərilib.

Səfir tədbir iştirakçılarına münaqişədən zərər çəkmiş ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası ilə bağlı görülən genişmiqyaslı işlər barədə məlumat verib. Həmçinin müharibə zamanı dağılmış dini və tarixi memarlıq abidələrinin bərpası və yenidən qurulması istiqamətində işlərin sürətlə davam etdirildiyini bildirib.

Həmçinin diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyası əsasında müasir şəhərsalma metodlarından istifadə olunmaqla yeni şəhər və kəndlər salınır, Zəngilan rayonunun yer üzündən silinmiş yeni salınan Ağalı kəndinə artıq onlarla ailələr qayıdıb.

Polad Bülbüloğlu Azərbaycanın böyük Qələbəsinin xalqımızın tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyini bildirib və çıxışını Azərbaycan Prezidenti İlham Əliyevin "Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq" sitatı və "Qarabağ - Azərbaycandır!" şüarı ilə bitirib.

Sonra deputat Nizami Səfərov çıxış edərək vurğulayıb ki, 44 günlük müharibədə Qələbə Azərbaycan Silahlı Qüvvələrinin, ölkə rəhbərliyinin və şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi strategiyasının parlaq şəkildə həyata keçirilməsinin nəticəsidir. Deputat onu da bildirib ki, bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələr sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, ərazilərin minalardan təmizlənməsi və Qarabağda dinc həyatın bərqərar olunmasıdır ki, bunun üçün də lazım olan bütün işlər görülür.

Daha sonra çıxış edən Vətən müharibəsinin iştirakçısı Kamal Quluzadə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi dövründə göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.

Qəbulda qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.

Tədbirdə iştirak edən bir çox ölkələrin səfirləri Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik edib, hərbi əməliyyatların nadirliyini vurğulayaraq Azərbaycan Prezidentinə və xalqına yeni uğurlar arzulayıblar.

AZƏRTAC