Diaspora

"Most Travelled People" klubunun təsisçisi: Azərbaycanlıların azad olunmuş torpaqlarda gördüyü quruculuq işləri mükəmməldir

Ötən il Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə üç dəfə səfər etmişəm. Hər gəlişimdə burada inkişaf və yeniliklərin şahidi oluram.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında beynəlxalq səyyahlar qrupu ilə Şuşaya səfər edən, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley deyib.

"30 ildir davam edən işğal zamanı bu ərazilər viran qalmışdı. İndi isə biz Azərbaycan xalqının bu yerlərdə yeni binalar tikməsinin, infrastruktur yaratmasının şahidiyik. Hər səfərimdə yeni tikinti görürəm. Budəfəki səfərimdə Şuşada otelin inşasının tamamlandığını gördüm. Çox təqdirəlayiq haldır. Zəfər yolu ilə Şuşaya gəlirdik, indi isə başqa bir yol da inşa edilir. Tunellər, körpülər... Azərbaycanlıların azad olunmuş torpaqlarda gördüyü quruculuq işləri mükəmməldir", - deyə o əlavə edib.

AZƏRTAC