MÜASİR AZƏRBAYCANIN QURUCUSU VƏ MEMARI
Siyasət

MÜASİR AZƏRBAYCANIN QURUCUSU VƏ MEMARI

Bu gün öz inkişaf dövrünü yaşayan, dünyada nümunəvi dövlət kimi tanınan Azərbaycan hazırkı mərhələyə asan yolla çatmayıb. Zaman ötdükcə, ölkəmizdə gedən böyük dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini verdikcə Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun mahiyyəti daha yaxşı dərk edilir. Bu dövrə, ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür. Müstəqillik yolumuz ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı.

Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyətini daha yaxşı anlamaq üçün onun fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. İlk növbədə, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan 1969-cu ilədək müxtəlif iqtisadi problemlərlə qarşı-qarşıya idi, sənaye, kənd təsərrüfatı və digər sahələrdə tənəzzül müşahidə edilirdi. Azərbaycan İttifaq miqyasında ayrı-ayrı sahələrin inkişaf dinamikasına görə sonuncu yerlərdə qərarlaşmışdı. Bu, kifayət qədər potensiala sahib olan Azərbaycan üçün olduqca mənfi göstərici idi. 1969-cu ildə Heydər Əliyev respublikanın rəhbəri təyin edildikdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin etdi. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı.

Sənaye sahəsinin inkişaf etdirilməsi aqrar sektorun da tərəqqisinə təkan verdi. Həyata keçirilən tədbirlərin fonunda kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi olaraq artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.

Həyata keçirilən islahatlar sayəsində təhsil və səhiyyə sektorlarında, neft sənayesində inkişaf tempi əldə edildi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində tarixi inkişaf baş verdi. Bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə edirdi. Bütövlükdə, Bakı şəhərinin milliləşməsi, paytaxtımızda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi və kadr kimi ixtisaslaşdırılması və s. məsələlər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətləri idi.

Bütövlükdə, ölkəmizin inkişafı naminə görülən genişmiqyaslı tədbirlərə dair çoxsaylı faktlar sadalamaq olar. Həmin dövrdə milli-siyasi müstəvidə görülən işlər də inkişaf və həmrəyliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən tədbirlər sayəsində respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Bütün bunlar müasir müstəqil Azərbaycanın inkişafının əsası - fundamenti oldu.

Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı faciələrin, çətinliklərin qarşısının alına bilməməsinin əsas səbəbi ölkədə xalqın etimad bəslədiyi, insanları arxasınca apara bilən, öz torpağına, xalqına sonsuz məhəbbəti, sədaqəti olan bir insanın, Heydər Əliyevin rəhbərlikdə olmaması idi. Həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Nə yaxşı ki, həmin dövrdə xalqımızı düşdüyü bu çətinliklər və faciələrdən xilas edəcək dahi şəxsiyyət Heydər Əliyev var idi. Ümummilli lider o zaman ölkəni tamamilə məhv olmaqdan xilas etdi. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

Xalqın böyük oğlu öz titanik fəaliyyəti ilə başdan-başa yenidən qurub çiçəkləndirdiyi Azərbaycanın digər yerlərində olduğu kimi, Tovuz rayonu da dahi rəhbərin tükənməz diqqət və qayğısından həmişə bəhrələnmişdir. 1969-cu ilə qədər respublikanın geridə qalan ən ucqar kənd rayonlarından biri olan Tovuz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsindən dərhal sonra onun məxsusi qayğısı sayəsində öz tərəqqi və inkişaf yoluna başladı. Rayonda yeni sənaye və istehsal müəssisələri yaradıldı. Tovuz rayonu üzümçülük üzrə ixtisaslaşmaq istiqamətini götürdü. Rayonda yeni üzüm plantasiyaları salındı və üzümçülük intensiv şəkildə inkişaf etdirilərək bağların becərilməsində yeni mütərəqqi üsullar tətbiq olundu. Tovuz şəhərini kəndlərlə birləşdirən bütün yollar yenidən çəkilərək abadlaşdırıldı, rayonun düzən və dağətəyi hissələrində yerləşən hər bir kəndinə içməli su kəmərləri çəkildi, bütün rayon ərazisi qazlaşdırıldı və elektrik təsərrüfatı, rabitə, digər kommunikasiyalar müasirləşdirilərək yenidən quruldu. Əhalinin güzəranı və həyat səviyyəsi yüksək səviyyəyə çatdı. Rayonun təhsil, səhiyyə, mədəniyyət sahəsinə çox böyük investisiya qoyularaq onların maddi-texniki bazası möhkəmləndirildi. 1970-1982-ci illər ərzində rayonda ən yeni standartlara uyğun 15 müasir tipli məktəb binaları tikilib istifadəyə verildi ki, onlardan da beşi 1176 yerlik məktəb kompleksi idi. Digər kənd məktəbləri də genişləndirilərək əlavə sinif otaqları və yardımçı binalar inşa olundu. Rayonun kənd təsərrüfatının digər sahələri də diqqətdən kənarda qalmadı. Həyata keçirilən bütün kompleks tədbirlər ona yönəldi ki, əhalinin həyat səviyyəsi, rifah halı, gəlirləri dönmədən yüksəlsin. Dahi rəhbər Tovuza və tovuzlulara daim yüksək qiymət vermişdir. Ulu öndərin söylədiyi: "Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Ən qiymətli sərvəti onun əməksevər insanlarıdır" və "Tovuzla mənim dostluğumun böyük tarixi vardır" qiymətli kəlamları bu yerin insanlarına böyük ruh vermişdir. Tovuzlular da həmişə verilən bu yüksək qiymətə layiq işləyib fəaliyyət göstərmiş, daim Heydər Əliyev ideallarına sadiq olmuşlar. Bu yerin insanları həmişə dövlət və dövlətçiliyə sədaqət nümayiş etdirmiş, Ermənistanla 69 km sərhədi olan rayon Vətən torpaqlarının müdafiəsində möhkəm dayanmış, eyni zamanda vaxtilə Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş təxribatların və vətəndaş itaətsizliyinin qarşısının alınmasında bir sipər rolunu oynamışlar. Öz fəaliyyətləri ilə Heydər Əliyev ideallarına sadiqlik göstərən tovuzlular bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü xarici və daxili siyasəti dəstəkləyərək həyata keçirilən bütün tədbirləri ürəkdən alqışlayırlar. Çox sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük İkinci Qarabağ savaşında qalib olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi və dahi şəxsiyyətin 100 illik yubileyi həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək. Bütün bunlar isə qədirbilən xalqımızın azərbaycanlı olması ilə həmişə qürur duyan, "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək siyasət meydanına atılaraq xalqı və dövlətinin xilası, onun gələcəyi üçün misilsiz işlər həyata keçirən ulu öndər Heydər Əliyev şəxsiyyətinə dərin ehtiramıdır.

Tovuz Rayon Heydər Əliyev Mərkəzində də dahi şəxsiyyətin 100 illik yubileyi ilə bağlı tədbirlər, bilik yarışları, müsabiqələr, sərgilər, ekskursiyalar, film nümayişləri və s. müxtəlif səpkili tədbirlər təşkil edilmişdir.

Humay ASLANOVA,

Tovuz Rayon Heydər Əliyev

Mərkəzinin direktoru.