Müasir Azərbaycanın varlığı Ulu Öndərin adı ilə bağlıdır
Siyasət

Müasir Azərbaycanın varlığı Ulu Öndərin adı ilə bağlıdır

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr xalqımızın qürur duyduğu parlaq tarixidir. Ən yeni tariximizin dahi şəxsiyyəti olan Heydər Əliyev fenomeni sayəsində Azərbaycan öz həqiqi müstəqilliyinə nail oldu, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bildi. Üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünya xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtardı. Öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi.

Ulu Öndərin həyatı və fəaliyyəti nəhəng məktəbdir. 1969-cu ildə keçirilən plenum mühüm hadisə kimi Azərbaycanın tarixinə əbədi yazıldı. Heydər Əliyevin doğma xalqına həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başladı. 1969-cu ildə Azərbaycan SSRİ-də həyatın bütün sahələrində dərin tənəzzülün hökm sürdüyü bir dövrdə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Tarixi inkişafın sonrakı gedişatı sübut etdi ki, bugünkü müstəqil Azərbaycanı Heydər Əliyev o zaman qurmağa başlamışdı.

Tarixin yaddaşında iz qoymaq hər insana nəsib olmur. Yalnız xalqdan güc alan lider əbədiyaşarlıq qazanır. "Xalqa xidmət etmək üçün onu sevmək azdır", - deyirdi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev. Çünki həqiqi vətənpərvərlik, millətsevərlik təkcə sözlərdən ibarət olmamalıdır. Heydər Əliyev xalqın mənəvi-siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərərək əsl xalq sevgisini, dövlətə, torpağa bağlılığını təkcə sözdə deyil, əməldə də sübuta yetirdi. Ulu öndərin gördüyü işlər, reallaşdırdığı layihələr öz tarixi əhəmiyyəti ilə ölkənin həyatında, xalqın taleyində silinməz izlər buraxmışdır. Azərbaycanın gələcəyini düşünərək Heydər Əliyevin uzaqgörənliyi sayəsində ilk və əsas məsələ kimi sağlam milli kadrların hazırlanması, təhsil sahəsində ciddi yenidənqurma işlərinin aparılması istiqamətində mühüm addımların atılması, ali məktəblər və onların filiallarının yaradılması, məktəb binalarının tikilməsi, peşə və orta ixtisas təhsilinin sürətli inkişafı, gənclərin Azərbaycandan kənarda ali təhsil alıb mütəxəssis kimi yetişməsi və s. böyük milli və siyasi əhəmiyyət daşıyırdı. Çünki milli kadr siyasəti həm də azərbaycançılıq uğrunda mübarizənin başlanğıc addımlarından biri idi. Qısa müddət ərzində milli kadr bazasının yaradılması, Azərbaycan elmində islahatların aparılması güclü dövlət konsepsiyasının əsasını qoydu.

Ən vacibi isə milli köklərə, ana dilinə bağlı olan Heydər Əliyev milli ədəbiyyatımızın və mədəniyyətimizin qurucusu və himayədarı kimi milli mənəviyyat uğrunda mübarizə apardı. Ana dilinin dövlət dili kimi Konstitusiyaya salınması təşəbbüsünü təkidlə dəstəklədi. Bu, xalqın mənəvi sərvəti olan ana dilimizin tarixində böyük qələbə idi. Azərbaycanda qısa bir zaman kəsiyində qüdrətli sənaye potensialı yaradaraq, dünyanın ən iri müəssisələri ilə rəqabətədavamlı zavodlar, fabriklər yaradıldı, kənd təsərrüfatı sahəsində ölkənin iqtisadi potensialı misilsiz dərəcədə artdı. Qarşısında süni yaradılmış hər cür maneəni, çətinliyi dəf edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yürütdü.

1993-cü ildə Heydər Əliyev xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə gəldi və həyatı bahasına Azərbaycanı məhv olmaqdan xilas etdi. Xalqın milli qürurunu - Millətə, Torpağa, Vətənə, Bayrağa olan sevgisini özünə qaytardı. Heydər Əliyev hər şeyi sıfırdan başlamasına baxmayaraq Azərbaycanın dövlət müstəqilliyini təmin etdi, dövlət quruculuğuna başladı, sabitliyi bərqərar etdi. Təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün çox önəmli tarixi hadisə olan "Əsrin müqaviləsi" imzalandı, atəşkəs elan olundu, beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində ərazilərimizin sülh yolu ilə azad edilməsi, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, güclü ordunun yaradılması istiqamətində misilsiz işlər görüldü. Sağlam düşüncəli gənc nəslin yetişməsi, ana qanunumuz olan Konstitusiyanın qəbul edilməsi, YAP-ın yaradılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin bir hissəsidir. Bütün bunların fonunda siyasi lider kimi zirvələri fəth etdi, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.

Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də bütün mənalı ömrünü həsr etdiyi Azərbaycanı özündən sonra yaşada biləcək siyasi lider yetişdirməsində oldu. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə İlham Əliyevə səs vermək üçün xalqa müraciət edəndə xalq birmənalı olaraq gənc, qətiyyətli, lider - cənab İlham Əliyevi dəstəklədi. Heydər Əliyev siyasi kursunun davam etdirilməsi tarixi reallıq, eyni zamanda çətin və şərəfli missiya idi. İlham Əliyev bu missiyanı üzərinə götürərək Azərbaycanın gələcək inkişafı üçün gərgin və məhsuldar işə başladı. Müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında bu siyasətin dünya meydanında uğur qazanmasında və ölkəyə investisiya axınında İlham Əliyevin gərgin əməyi vardır. İlham Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla addımlamış, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, "qondarma Dağlıq Qarabağ münaqişəsi" haqqında dünya ictimaiyyətində obyektiv rəy formalaşmışdır.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi, erməni işğalçılarının təcavüzkar siyasəti beynəlxalq aləmdə ifşa olundu, Azərbaycan öz tarixi torpaqlarını işğalçılardan azad edərək düşmən üzərində möhtəşəm qələbə qazandı.

Bu gün tam əminliklə söyləyə bilərik ki, Heydər Əliyevin yaratdığı dövlət bütün Azərbaycan vətəndaşlarının, həmçinin dünyanın uzaq nöqtələrində yaşayan soydaşlarımızın da vətənidir. Çünki bu dövlət xalqın mənəvi-əxlaqi dəyərlərinə, tarixi yaddaşına əsaslanan unikal bir ideologiya əsasında yaradılıb və bu gün də dünya dövlətləri içərisində öz mövqeyini qoruyub saxlayır.

Ceyhunə HÜSEYNOVA,

Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru.