Müasir çağırışlara hazır çevik, mobil qüvvələr
Digər xəbərlər

Müasir çağırışlara hazır çevik, mobil qüvvələr

16 dekabr  Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən 16 dekabr ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir

Dövlət  başçısı 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrların peşəkar hazırlıq səviyyəsinin artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyəti təmin olunur. Bu illər ərzində fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.

Qeyd etmək lazımdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsinin düzgün və etibarlı təşkili məsələlərini daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Növbəti qayğının əməli ifadəsi olaraq dekabrın 9-da Azərbaycan  Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallar zamanı hadisə yerində böhranı aradan qaldırmaq üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans əlaqəsi yaratmaq gücünə malik mobil qərargahın xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikaların, motosikletlərin, mina və hərbi sursatların aşkar edilməsi və zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün yüksəksürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarələrinin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə tamhəcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir. Nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır, dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alınır.

FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.

Nazirliyin fəaliyyətində operativliyin artırılması məqsədilə zamanın çağırış və təhdidləri nəzərə alınaraq müvafiq struktur dəyişiklikləri aparılıb, regional mərkəzlərin fəaliyyəti təmin olunub. Azərbaycan vətəndaşlarının təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib. Ötən illər ərzində yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə hadisələri, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Beynəlxalq əməkdaşlığını da durmadan genişləndirən Fövqəladə Hallar Nazirliyi Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər.

Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilmiş və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil bir quruma çevrilib.

Mustafa KAMAL,

“Respublika”.