MÜASİR STANDARTLARA UYĞUN LABORATORİYA
Region

MÜASİR STANDARTLARA UYĞUN LABORATORİYA

Bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, səhiyyədə də məqsədyönlü islahatlar aparılmış, sahə üzrə də milli fəaliyyət proqramları qəbul edilmiş, ölkənin elmi-tibbi potensialı gücləndirilmişdir. Yeni tibb müəssisələrinin inşa edilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, dünya standartlarına uyğun avadanlıqlarla təchiz olunması ölkə səhiyyəsinin yüksəlişini təmin etmişdir.

Qədim Gəncənin bütün tibb müəssisələrində yenilik, səliqə-sahman, yüksək səviyyəli xidmət əhalinin səhiyyə işçilərinə inamını daha da artırmışdır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ A.Səhhət adına Xəstəxanada yeni, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyanın açılışı olmuşdur. Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin direktoru Nazim Əhmədov, Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ A.Səhhət adına Xəstəxananın rəhbəri İlkin İsmayılov, şöbə müdirləri və tibb işçiləri tədbirdə iştirak etmişdir. Bildirilmişdir ki, müasir laboratoriyanın istifadəyə verilməsi, Azərbaycan vətəndaşlarının sağlamlığına diqqət və qayğının bariz nümunəsidir. Fasiləsiz xidmət göstərəcək laboratoriya bütün müasir zəruri avadanlıqlarla təchiz olunub. Burada laborator yoxlamalar peşəkar həkim-laborantlar tərəfindən həyata keçiriləcək. Bu isə xəstəliklərin vaxtında aşkar olunmasına imkan verəcək.

Zabit XƏLİLOV,

"Respublika".