Müasir standartların tətbiqinə çalışırıq
Digər xəbərlər

Müasir standartların tətbiqinə çalışırıq

Ölkəmizdə standartlaşdırma səviyyəsinin yüksəldilməsi, milli standartlar və onun Avropa standartlarının uyğunlaşdırılması ilə bağlı tədbirlər barədə ətraflı məlumat almaq  üçün Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət etdik.

- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzSTAND) standartların hazırlanması, standartlaşdırma üzrə dövlət fondunun idarə edilməsi, xarici ölkələrin təşkilatları ilə bu sahədə əməkdaşlıq, sertifikatlaşdırma və uyğunluğun qiymətləndirilməsinin təşkili üzrə fəaliyyət göstərir, - deyə "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nin baş direktoru İlham Bayramov bizimlə söhbətdə bunları qeyd etdi:

- İnstitut ölkəmizi standartlaşdırma üzrə bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda təmsil edir. Belə ki, öz fəaliyyət sahəmiz üzrə Türkiyə, Almaniya, Serbiya, İsrail, Qazaxıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edirik. Son zaman da AzSTAND beynəlxalq və xarici təşkilatlarla əlaqələrini genişləndirib. Böyük Britaniya Standartlar İnstitutu, Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu, Alman Standartlar İnstitutu və Çin Xalq Respublikası Standartlaşdırma Administrasiyası ilə standartlaşma sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb. Hazırda İnstitutda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək" adlı Tvinninq layihə həyata keçirilir. Layihənin məqsədi Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək və korporativ idarəetmə, rəqəmsal transformasiya, maliyyə mexanizmləri kimi sahələri optimallaşdırmaqdır. Layihə çərçivəsində Almaniya, İspaniya və İsveç ekspertləri əməkdaşlarımıza müxtəlif mövzularda seminarlar keçiblər.

Hazırda AzSTAND Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fondunda 1000-dən yuxarı milli və 4 minə yaxın dövlətlərarası standart mövcuddur. Dövlət standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya, aqrar və qida sənayesi, tikinti materialları, xidmət və digər sahələri əhatə edir. Bundan əlavə, AzSTAND-ın beynəlxalq təşkilatlarda təmsil olduğu qurumların standartlar bazasına giriş hüququ var. Bu bazalardan istifadə etməklə yeni standartların əldə edilərək dövlət standartı kimi qəbul edilməsi, eyni zamanda dövlət qurumları və təsərrüfat subyektlərinin təcili ehtiyacları yarandıqda, həmin standartların operativ şəkildə ölkəmizdə tətbiqinə icazə verilir.

İ.Bayramov bildirdi ki, ötən il Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türk Standartlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Bu məqsədlə qarşılıqlı səfərlər təşkil edilərək təcrübə mübadiləsi aparılır. Türk Standartları İnstitutu ilə standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2022-2023-cü illər üzrə Fəaliyyət Planı təsdiq edilib. Qarşılıqlı fəaliyyət çərçivəsində əldə edilmiş razılığa əsasən 9 mindən çox türk milli standartının ölkəmizdə istifadə edilməsinə imkan yaranıb. Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən milli standartlarının ölkəmizdə tətbiqi, proseslərin optimallaşdırılması, keyfiyyətin artırılması, insanların həyat və sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi üçün həyata keçirilən tədbirlərin icrasına yeni imkanlar yaradacaq.

"Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2022-2025-ci illər üçün Dövlət Proqramı" hazırlanıb və müvafiq dövlət qurumları ilə son razılaşdırma mərhələsindədir. İnstitutun beynəlxalq standartlaşdırma təşkilatlarında daha yaxşı təmsil olunması, həmçinin xarici ölkələrin standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlığın qurulması, eləcə də imzalanan müqavilə və memorandumlar milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Qeyd edək ki, son dövrdə qəbul edilən standartlar əsasən ISO, CEN və ASTM beynəlxalq və Avropa qurumlarının tələblərinə cavab verir. Bu standartların qəbul edilməsi beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılmasına, rəqabət qabiliyyətinin artırılmasına, həmçinin yeni elmi-texniki nailiyyətlərin tətbiqinə təkan verəcək.

İ.Bayramov söhbətin sonunda bildirdi ki, "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, maraqlı tərəflər standartlaşdırma üzrə normativ sənədlərin hazırlanmasında iştirak etmək məqsədilə məşvərətçi qurum olan texniki komitə yaradırlar. Bu məqsədlə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən müxtəlif sahələrə dair 27 standartlaşdırma üzrə texniki komitə təsis edilib. Eyni zamanda, texniki komitə üzvü olmayan sahibkarlar və istehlakçılar da standartların işlənib hazırlanması zamanı ictimai müzakirələrdə iştirak hüququna malikdir. Beynəlxalq tərəfdaşlıq nəticəsində əldə etdiyimiz təcrübələrin ölkədə tətbiqi, həmçinin Tvinninq layihəsi çərçivəsində keçirilən təlimlər nəticəsində həmin qurumların standartlaşdırmada rolunun artırılmasına imkan yaranacaq.

M.NƏRİMANOĞLU,

"Respublika".