Müasir tələblərə cavab verən emal müəssisələrinin sayının artırılması  vacib məsələlərdəndir
Siyasət

Müasir tələblərə cavab verən emal müəssisələrinin sayının artırılması  vacib məsələlərdəndir

Hər bir ölkənin iqlim şəraitindən asılı olaraq fərqli təbiəti, bitki örtüyü var. Dünyanın ayrı-ayrı yerlərində bitən bitkilərin, ağacların çoxuna  ölkəmizdə rast gəlinmədiyi kimi, elə  bitki növləri də var ki, bizim torpaqlarda daha yaxşı bitir. Çox qədim  vaxtlardan ölkəmizin ərazisində yetişən  zeytun kimi...

Araşdırmalar zamanı aydın olmuşdur ki, zeytundan hələ eramızdan əvvəl altıncı minillikdən etibarən istifadə olunmağa başlanmışdır. İnsanlar  ilk vaxtlar bu bitkidən yalnız qida məqsədi ilə istifadə edirdilərsə, zaman keçdikcə onun digər faydalı  xüsusiyyətləri də bəlli olmuşdur. Tarixi mənbələr göstərir ki,  zeytun  ağacının ana vətəni Mesopatamiyadır. Adətən, subtropik ölkələrdə  becərilən zeytun, əsasən Cənubi Avropa, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında, Aralıq dənizi hövzəsində yetişdirilirdi. Sonralar isə Yunanıstan, İspaniya, İtaliya və digər subtropik ölkələrdə də yayılmışdır. Hazırda bu ölkələrin iqtisadiyyatında zeytunçuluq mühüm əhəmiyyət kəsb edir.

 Bu gün  zeytun ixracatında bu ölkələrdən  heç də geridə qalmayan Azərbaycan  yerləşdiyi coğrafi mövqeyinə, bir-birini əvəz edən iqlim qurşaqlarına, flora və faunasının zənginliyinə görə zeytunçuluq üçün  çox əlverişli təbiətə malikdir. Buna görə də zeytun  ölkəmizdə tarixən mövcud olmuşdur. Ötən əsrin 90-cı illərində baş vermiş məlum hadisələr ölkə iqtisadiyyatına da böyük zərbə vurmuş, o cümlədən zeytun bağları da tam istifadəsiz qalmışdı. Respublikada yeni formalaşmış sahibkarlığın təcrübəsizliyi zeytun bağlarının qırılmasına, bu sahələrin tikinti meydançasına  çevrilməsinə səbəb olmuşdur. Bu gün isə ölkəmizdə zeytunçuluğun inkişafına dövlət səviyyəsində  böyük diqqət göstərilir.  Belə ki, ölkə başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə ərzaq tələbatının yerli məhsulların istehsalı hesabına ödəməyin, həmçinin xarici bazarlara çıxmağın vacibliyini qeyd etmiş, bu sahəni inkişaf etdirmək üçün təkcə Abşeronda yox, digər regionlarda da müəyyən işlər aparıldığını və  yaxşı nəticələr əldə edildiyini bildirmişdir.

Ölkəmizdə zeytunçuluğun inkişafı yeni zeytun bağlarının salınması ilə yekunlaşmır, müasir tələblərə cavab verən emal müəssisələrinin sayının artırılması da vacib məsələlərdəndir. Bu baxımdan,  zeytun yağı istehsalını artırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir. Noyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak etməsi bunun bariz nümunəsidir. Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyə  mütəxəssislərinin birgə əməkdaşlığı ilə yaradılan “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunçuluq kompleksi ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində atılan  uğurlu addımdır.

Ölkə iqtisadiyyatına  müsbət təsirini göstərəcək müəssisənin tikintisi üçün  ilk olaraq Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsi təmizləndikdən sonra, ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan  alınmış “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınmışdır. İstifadəsiz, boş torpaqlarda yaradılan və üç min hektar ərazini əhatə edən kompleksdə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilmişdir.

Müəssisədə  4 min ton yağ istehsalı planlaşdırılır  ki, bunun da təqribən 2 min tona yaxını daxili bazar, iki min tonu  isə ixrac üçün nəzərdə tutulub. Bu isə İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində tikilmiş, ildə 4 min ton zeytun yağı istehsal etmək gücünə malik zavodun hesabına reallaşdırılacaq. İtaliya ilə əməkdaşlıq çərçivəsində qurulan zavodda  beş istehsal xətti yaradılıb. Burada həmçinin, soyuq sıxım - “Extra Virgin” zeytun yağı da istehsal olunur.

Yüksək texnologiyalar əsasında  müasir standartlara uyğun olaraq bağlardan zeytunların toplanması prosesi  dünyanın qabaqcıl texnologiyası olan “New Holland” kombaynı vasitəsilə həyata keçirilir. Türkiyənin “Tutkun Makina” şirkəti ilə əməkdaşlıq çərçivəsində müəssisədə, həmçinin illik min ton xam zeytun qəbuletmə imkanı olan süfrəlik zeytun emalı sahəsi də fəaliyyət göstərir. Gələcəkdə fermentasiya çənlərinin sayını artırmaqla istehsal sahəsində məhsul buraxılışını illik 2 min tona çatdırmaq nəzərdə tutulur. Burada yaşıl, qara, çəyirdəkli və çəyirdəksiz, dilimlənmiş, içlikli, əzilmiş və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün geniş imkanlar yaradılıb.

Regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edən ölkə başçısı İlham Əliyev İtaliyanın “Pieralisi” şirkətinin nümayəndələri ilə görüşərkən demişdir: “Ola bilsin ki, yaxın gələcəkdə bizə istehsalı genişləndirmək lazım olacaq. Düşünürəm ki, buna görə bizim sizin şirkətlə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünki burada - Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqteyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önəmli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var”.

 Bu gün respublikamızda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, davamlı sosial-iqtisadi inkişafa və bütün bunların fonunda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəlmiş əhəmiyyətli  tədbirlər həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan  mühüm addımlar  Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir ki, bu da  dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının, rəqabətədavamlı və müasir standartlara cavab verən qida  sənayesinin inkişafına, çoxşaxəli iqtisadiyyata malik olan Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının mümkün qədər azaldılmasına və   qeyri-neft sahəsinin inkişafına böyük  imkanlar  yaradır. Ölkəmizin hərtərəfli inkişafına nail olunması istiqamətində aparılan islahatlar arasında kənd təsərrüfatı sahəsinə xüsusi diqqət göstərilir. Belə ki, kənd təsərrüfatının bir çox sahələrində məhsul istehsalının artırılması, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və meyvəçilik kimi sahələrin sürətlə inkişafı təmin edilir.

350-dək insanı işlə təmin edən, regionun ən böyük zeytunçuluq kompleksinin yaradılması da ölkədə kənd təsərrüfatı sahəsinin inkişafının reallaşmasının uğurlu nəticəsidir.

Mehparə ƏLİYEVA,

“Respublika”.