Mübariz İbrahimov adına məktəbdə yeni tədris ilinin açılışı
Elm və təhsil

Mübariz İbrahimov adına məktəbdə yeni tədris ilinin açılışı

Türkiyədə COVİD-19 pandemiyası səbəbilə fəaliyyəti müvəqqəti dayandırılan orta  təhsil müəssisələrində artıq 2021-2022-ci tədris ili üzrə ənənəvi qaydada dərslərə başlanılıb.

Nəhayət minlərlə şagirdin səbirsizliklə  gözlədiyi  o gün gəlib. Ölkənin hər tərəfində coşqu, həyəcan və sevinc yaşanıb. İstanbul şəhərində  şəhid Mübariz İbrahimovun adını daşıyan məktəbin şagirdlərinin  həyəcanı tam fərqli olub.  Onlar həm doğma məktəblərinə qovuşub, həm də 44 günlük Vətən müharibəsi qazisi Taleh Camalovla tanış olublar. Həyəcan sevincə, sevinc kədərə qarışıb o gün.

Yeni tədris ilinin  açılış mərasimində məktəbin şagirdləri ilə yanaşı, İstanbulda yaşayan Azərbaycan vətəndaşları da iştirak ediblər. Açılış mərasimində çıxış edən məktəbin müdiri Məhsəti Şərif Özyürək mərasim iştirakçılarını  44 günlük Vətən  müharibəsinin 38-ci günündə yaralanan və bir ayağını itirən qazi Taleh Camalovla tanış edib. O, qəhrəman qazimiz haqqında ətraflı məlumat verib və bu günə qədər məktəbin ən dəyərli qonağı olduğunu bildirib. Əslən ağdamlı olan Məhsəti Şərif Özyürək çıxışı zamanı qəhərini də gizlədə bilməyib. O deyib:  “Mən sizin kimi qazi oğullarımızın, şəhidlərimizin sayəsində 16 yaşımda işğal edilən doğma Ağdamıma, Qarabağa qovuşmuşam. Sizə bu gün  üçün çox minnətdaram. Haqqınız ödənməz”.

Taleh Camalov Salyan rayonunun Xalac kəndində dünyaya gəlib. O, Füzuli, Cəbrayıl, Suqovuşan, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.  Xocavənd uğrunda gedən döyüşlər zamanı T.Camalov ağır yaralanıb, onun bir ayağı amputasiya olunub, çiyin hissəsində qəlpə yarası var. Hazırda YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə Başakşəhir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan Taleh Camalov Prezident İlham Əliyevin Sərəncamı ilə Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Qəhrəman qazimizi məktəbin şagirdləri  alqışlarla qarşılayıb. Onunla xatirə şəkli çəkdirən şagirdlər onun kimi qəhrəman olmaq və doğma Vətənə layiqli övlad kimi  yetişmək istədiklərini deyiblər. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan məktəbin şagirdlərinin hər birinin arzusu Mübariz kimi mərd və cəsur, Taleh Camalov kimi qorxmaz olmaqdır.

Taleh Camalovun məktəblilərin qarşısında çıxışı isə hər kəsi kövrəldib. O deyib: “Mən Vətən uğrunda döyüşmüşəm və qazi olmağımla fəxr edirəm. Bəzən düşünürəm ki, kaş şəhid olan döyüş yoldaşlarımın yerinə mən şəhid olardım. O zaman geri dönsə yenə də Vətənimin müdafiəsinə öndə gedərdim. Ali Baş Komandan  İlham Əliyevin də dediyi kimi, Qarabağ Azərbaycandır!  Bu şüarın gerçək olmasında iştirak etdiyim üçün fəxr edirəm”.

Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Həsənoğlu isə şagirdlərə qazimizi göstərərək deyib: “Baxın, bu gün məktəbimizə Vətən gəlib. Siz xoşbəxt yaşayasınız, müharibə görməyəsiniz, Vətənə layiqli övlad olaraq böyüyəsiniz deyə, Taleh kimi qəhrəmanlarımız sağlamlığını itirib. Biz Talehə və onun simasında bütün qəhrəmanlarımıza təşəkkür edirik”.

Bəli, hər zamanın öz qəhrəmanı var. Qəhrəmanlıq bir anda olur, amma  illər, əsrlər keçsə də unudulmur və tarixin yaddaşına əbədi həkk olunur. Neçə-neçə qəhrəmanlarımız Qarabağda döyüşərkən torpaqlarımızın ərazi bütövlüyü naminə canlarını fəda etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Neçə-neçə oğullarımız Vətəni canlarından üstün tutaraq bu yolda canlarını fəda etmişlər. Taleh Camalov kimi... Onlar borclarını ödədilər, bizim isə onlara borcumuz çoxdur.

Sonra məktəbin müəllimləri, açılışa gələn qonaqlar qazimizlə söhbət edib onun döyüş yolu ilə maraqlanıblar.

Qeyd edək ki, Milli Qəhrəman  Mübariz İbrahimov adına məktəb dörd ildir fəaliyyət göstərir və  məktəbdə 80-dən çox şagird  təhsil alır. Tədris Azərbaycanın təhsil proqramı üzrə keçirilir.

Esmira YAZKAN Aslanova,

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.