Mübariz kimi  mübariz döyüşçü
Region

Mübariz kimi  mübariz döyüşçü

Həqiqi hərbi xidmətinə 2019-cu ilin oktyabr ayında başlamışdı. Ağcabədi rayonunun "N" saylı hərbi hissəsində qulluq edirdi. Nümunəvi əsgər idi. Manqa komandiri təyin olunmuşdu. Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə qatıldı. Şiddətli vuruşmalarda yaralansa da cəsur igid döyüşü tərk etmədi. Fiziki ağrılarına dözüb Cəbrayıl-Xocavənd istiqamətində döyüş yoluna davam etdi. Əlində "İstiqlal" - "Mübariz" silahı ilə düşmənin həm canlı qüvvəsini, həm də texnikasını məhv edirdi. Bir vaxtlar qəhrəman Mübariz İbrahimovun vuruşduğu bu silahla o qürurla, fəxrlə döyüşürdü. Lakin amansız ölüm ona qəhrəmanlıqlarını davam etdirməyə imkan vermədi. Xocavəndin Nərgiz təpə adlanan ərazisində düşmənin minomyotdan atdığı mərminin partlaması nəticəsində qəhrəmancasına həlak oldu. İgid döyüşçü Eynulla Niyətulla oğlu Lətifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olundu.

Komandirləri söyləyir ki, Eynulla fiziki cəhətdən çox hazırlıqlı, çevik və qorxmaz bir əsgər idi. Ağır "İstiqlal" - "Mübariz" silahı ilə çox asan və məharətlə davranırdı. Sərrast atıcı idi. Bir gülləsi belə boşa getmirdi. Döyüş yoldaşları deyir ki, oktyabrın 18-i gecə saatlarında döyüşdən yenicə qayıtmışdıq. Ağzımıza bir qurtum su belə dəyməmişdi. Ac idik. Yeməyə hazırlaşırdıq. Elə bu zaman namərd düşmən mərmisi lap yaxınlıqda partladı. Komandirimiz Eynulla Lətifov və daha bir əsgər yoldaşımız minomyot qəlpəsindən ağır yaralanaraq dünyalarını dəyişdilər. Eynullanı üstünə tökülmüş torpaq layının altından çox çətinliklə çıxardıq. Şəhid olarkən sinəsində gəzdirdiyi müqəddəs bayrağımızı da düşmən qəlpəsi bir neçə yerdən deşmişdi. Oğlundan qalan yadigar kimi bayrağı anasına təhvil verdik.

Eynulla Qubanın İkinci Nügədi kəndində doğulub boya-başa çatmışdı. Ailənin yeganə oğul övladı - iki bacının qardaşı idi. Ailədə, məhəllədə hamı onu çox istəyirdi. İşgüzar, mehriban bir gənc idi. Qonum-qonşunun, dost-tanışın hörmətini qazanmışdı. Anası söyləyir ki, yaşı az olsa da yaxşı dostları vardı. Onlardan birini özünə ömürlük həm dost, həm də qardaş seçmişdi. Dostunu evə dəvət edərək: Mən şəhid olsam bu dostum sənin oğlundur - demişdi. Balam şəhid olacağını sanki əvvəlcədən duymuşdu. Bizi dostuna əmanət edərək getdi. Tez-tez: "mən Mübariz olacağam", - deyirdi. Müharibənin ilk günlərində mənə zəng edib sevincək söylədi ki, ana, mən öz arzuma çatdım. Mənə "Mübariz" silahı verdilər. İndi mən Mübariz İbrahimovun vuruşduğu silahla vuruşuram. Bu silahla da düşməni məhv edib torpaqlarımızı azad edəcəyik. Bayrağımızı daha yüksəklərdə dalğalandıracağam.

Şəhidlər unudulmur. Xalqımızın ürəyində, insanların əməllərində əbədi yaşayırlar. Qəhrəman döyüşçünün xatirəsi doğma İkinci Nügədi kəndində əbədiləşdirilib. Kəndin küçələrindən birinə onun adı verilib. Həmyerlilərinin, valideynlərinin şəxsi təşəbbüsü ilə kəndin görkəmli yerində "Eynulla bulağı" tikilib istifadəyə verilib.

O gün İkinci Nügədi kəndində qələbəlik var idi. Rayon ictimaiyyəti, İkinci Nügədi, qonşu kəndlərin sakinləri, gənclər, məktəblilər kənddə salınan "Eynulla bulaq-abidə kompleksi"nin açılışına yığışmışdılar. Açılışda çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından danışıblar. Onun qısa, lakin şərəfli ömür yolunun gələcək nəsillərə nümunə olduğunu söyləyiblər. Açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbədən danışıb. Müharibədə şəhid olan Vətən oğullarının xatirəsinin qəlbimizdə əbədi yaşayacağını vurğulayıb.

Şəhid ailəsini ziyarət edirik. Eynullanın valideynləri Niyətulla kişi və Gülbacı ana ilə xeyli söhbətləşirik. Eynulla haqqında onların şirin xatirələrini dinləyirik. Şəhidin yaşadığı evin bir otağı kiçik muzeyi xatırladır. Burada toplanan əşyalar, sənədlər, şəkillər Eynullanın cəmi 19 illik qısa ömür yolunu təcəssüm etdirir. Muzeyin ən qiymətli eksponatı isə bu vətənpərvər gəncin müharibə zamanı sinəsində gəzdirdiyi və onunla birlikdə düşmən gülləsinə tuş gələn Bayrağımızdır. İndi Gülbacı ana bu Bayrağı gündə 3 dəfə öpüb gözünün üstünə qoyur, balasının xoş ətrini bu Bayraqdan alır.

Ziyafəddin BAYRAMOV,

"Respublika".