Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Sosial həyat

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə ordumuzun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bayram münasibətilə şəxsi heyəti səmimi qəlbdən təbrik edən general-polkovnik Zakir Həsənov möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətdə uğurlar arzulayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd edilən və xalqımızın ən əziz bayramı sayılan Novruz təbiətin oyanışından xəbər verir. Qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərin qorunduğu Azərbaycanda Novruzun gəlişi tarixin ən sərt dönəmlərində belə özünəməxsus coşqu, sevinc, yüksək əhvali-ruhiyyə ilə qeyd edilib.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu siyasət və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxlu sayda böyük layihələr nəticəsində müstəqil Azərbaycan Respublikasında həmrəylik, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb.

Bu gün iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində nüfuzu daha da artan Azərbaycan dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub.

Bildirilib ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və fədakarlıq nümunələri sayəsində azad edilərək ərazi bütövlüyümüz təmin olundu. Bu gün rəşadətli Azərbaycan Ordusu azad edilən ərazilərdə mövqelərini daha da möhkəmləndirərək həyata keçirilən bərpa-quruculuq işlərinə də layiqli töhfələrini verməkdədir. Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.

"Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi, Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram", - deyə general-polkovnik Zakir Həsənovun təbrik müraciətində bildirilib.

AZƏRTAC