Müdafiə Nazirliyi:
Məlumat

Müdafiə Nazirliyi:

Cavab tədbirləri Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır

Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.

"Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. Otuz illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı", - deyə məlumatda qeyd edilib.

 

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.

Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər var.

Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.

Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır.

Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.

Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə erməni KİV-lərində yayılan xəbərlər cəfəngiyyatdır

Ermənistan kütləvi informasiya vasitələrində və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.

Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.

Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

 

Qafanda təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib", - deyə məlumatda qeyd edilib.

 

Müdafiə Nazirliyi KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edib

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: "Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın!

Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcək".

 

Azərbaycana məxsus hərbi təyyarənin məhv edilməsi ilə bağlı yayılan məlumat yalandır

Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

 

Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir

Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.

Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

AZƏRTAC