MÜDAFIƏ SƏNAYESI: hədəflər müəyyənləşdirilir
Siyasət

MÜDAFIƏ SƏNAYESI: hədəflər müəyyənləşdirilir

İkinci Qarabağ müharibəsində işğalçı qüvvələrin müasir hərbi silahlarla - pilotsuz uçuş aparatları ilə məhv edilməsinin çoxsaylı videokadrları bu gün də internet resurslarında, sosial şəbəkələrdə maraqla izlənilir. Bu görüntülər Silahlı Qüvvələrimizin düşmən üzərində hərtərəfli üstünlüyünün döyüş meydanında sübuta yetirildiyini əyani şəkildə nümayiş etdirir. Rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı apardığı 44 günlük müharibə XXI əsrin müharibəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, güc amili öz rolunu oynayacaqdır və belə də oldu...

Torpaqlarımızın işğaldan azad edilməsi üçün güc amilindən istifadə olunacağı barədə dövlətimizin başçısının bəyanatları, sadəcə, söz - psixoloji təsir vasitəsi deyildi, real fəaliyyətə əsaslanırdı və müharibəyə hazırlıq işləri heç də gizli saxlanılmırdı.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə paytaxtın Azadlıq meydanında keçirilən hərbi paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş etdirilmişdi.

Məhz həmin paraddakı çıxışında Prezident İlham Əliyev demişdi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır”.  Dövlətimizin başçısı ordunun maddi-texniki təchizatı baxımından da Azərbaycanın dünya miqyasında nadir ölkələrdən biri olduğunu vurğulamışdı. Həmin təntənəli paraddan cəmi iki il üç ay sonra ordumuzun unikal imkanları, hərbçilərimizin misilsiz qəhrəmanlığı sayəsində işğalçı Ermənistan sarsıdıcı məğlubiyyətə uğradıldı və torpaqlarımızdan qovuldu.

Torpaqları işğal altında olan ölkə kimi Azərbaycanın güclü ordu yaratması və onu təkcə xaricdən alınan deyil, həm də yerli şəraitdə istehsal edilən silah-sursat və hərbi texnika ilə təchiz etməsi zəruri idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə müasir tələblərə cavab verən müdafiə sənayesinin formalaşdırılması bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mühüm addım oldu. Hərbi təyinatlı yerli məhsullar ordumuzun potensialını gücləndirdi: 20-dən artıq müdafiə sənayesi müəssisəsində istehsal edilən belə məhsulların sayı hazırda 1200 addan çoxdur. Bununla yanaşı, ölkəmiz dünyanın ən yaxşı silah istehsalçıları ilə sıx əməkdaşlıq edir, öz cəbbəxanasını ən müasir hərbi texniki vasitələr və texnologiyalar ilə zənginləşdirir.

Qardaş Türkiyənin müdafiə sənayesində son illərdə əldə edilən nailiyyətlərdən ölkəmizdə geniş istifadə olunması hərbi potensialımızın artırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyev bu yaxınlarda “CNN Türk” televiziya kanalına müsahibə verərkən Türkiyənin İkinci Qarabağ müharibəsi dövründəki mənəvi-siyasi dəstəyinin əhəmiyyətini qeyd etməklə yanaşı, qardaş ölkədən alınmış silahların, o cümlədən “Bayraktar”ların, “Qasırğa”ların, “Kobra”ların və digərlərinin “işimizi böyük dərəcədə yüngülləşdirdiyini” və insan itkisini azaltdığını bildirib. Dövlətimizin başçısı deyib ki, “Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq”.

Türkiyə son 20 ildə müdafiə sənayesində inqilabi dəyişikliklərə nail olub. Bu sahənin xaricdən asılılığını azaltmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verir. 2002-ci ildə ölkədə müdafiə sənayesi üzrə 5,5 milyard dollar büdcə ilə 62 layihə icra edilirdisə, hazırda belə layihələrin sayı 750-dən, onlara ayrılan maliyyə vəsaitinin həcmi isə 75 milyarddan çoxdur. Qısa müddətdə dünyada ilk yüzlüyə daxil olan Türkiyə müdafiə sənayesinin geniş infrastrukturu və öz məhsulları vardır, xaricdən asılılığı isə 80 faizdən 20 faizə enib. Qardaş ölkə öz ehtiyaclarını qarşılamaqla kifayətlənmir, bu imkanları dostlarının və müttəfiqlərinin də istifadəsinə verir. Vaxtilə 250 milyon dollar vəsait tapmaqda çətinlik çəkən Türkiyə müdafiə sənayesinin ixracatı hazırda 3 milyard dolları ötür. Bu sahədə tədqiqat və inkişaf məqsədlərinə 49 milyon dollar ayrılırdısa, indi həmin göstərici 1,5 milyard dollardan çoxdur. Türkiyənin quru, hava və dəniz qoşunları üçün istehsal edilən hərbi avadanlıqlarının önündə pilotsuz uçuş aparatları (PUA) gəlir. Özünün yüksək hərbi qabiliyyətini döyüş meydanında sübuta yetirmiş PUA-ların layihələndirilməsi, istehsalı və satışı üzrə Türkiyə dünyanın ən öncül 3-4 ölkəsi arasında yer alır. Ən önəmlisi isə odur ki, qardaş ölkə bu nailiyyəti qlobal silah tədarükçülərinin yaratdığı maneələri, məruz qaldığı açıq və gizli embarqoları dəf edərək qazanıb.

Hazırda Türkiyə müdafiə sənayesi daha böyük hədəflərə doğru addımlayır və mövcud tələbatı ödəməklə yanaşı, yeni texnika və texnologiyalara sərmayə yatırır. Süni zəkaya əsaslanan quru, hava və dəniz nəqliyyatı vasitələrinin hazırlanması üzrə layihələr həyata keçirilir. Türkiyə PUA-lar dəsti, insansız dəniz nəqliyyatı vasitələri və döyüş təyyarələri, elektromaqnit toplar, lazer silahları, kosmik sistemlər kimi gələcəyin ehtiyaclarını qarşılayacaq hərbi təyinatlı məhsulların istehsalçısı olmağı planlaşdırır və şübhəsiz ki, öz məqsədinə də çatacaqdır.

İxracat şəbəkəsini genişləndirməklə yanaşı, Türkiyənin bir sıra müdafiə sənayesi şirkətləri dünyanın ən yaxşı yüz şirkəti arasındadır. Yeddi şirkət müdafiə sənayesi sahəsində yüksəkkeyfiyyətli qlobal rəqabət siyahısına daxil olub. Türkiyə müdafiə sənayesinin ən böyük şirkəti ASELSAN dünyanın ən yaxşı şirkətləri arasında 52-ci yerə yüksəlib. Şirkətin illik satış həcmi 2,1 milyard dollara çatır. Türk Hava və Kosmos Sənayesi (TAI) 48-ci yerdə, BMC, Roketsan, STM, FNSS və HAVELSAN şirkətləri ən yaxşı 100 şirkət arasındadır.

Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bu il avqustun 17-dən 20-dək İstanbulda keçirilən 15-ci “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi qardaş ölkənin bu sahədəki imkanları ilə yanaşı, dünya silah bazarının son yeniliklərini də nümayiş etdirdi. Sərginin təntənəli açılış mərasiminə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvət olunması ölkələrimiz arasında dostluğun və müttəfiqliyin növbəti bariz ifadəsi oldu. General-polkovnik Zakir Həsənov sərgidə “ASELSAN”, “ROKETSAN”, “HAVELSAN”, “ASPİLSAN” və digər nüfuzlu Türkiyə şirkətlərinin rəhbərləri ilə görüşüb, faydalı fikir mübadiləsi aparıb.

Sərgidə Müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edirdi. Dünyanın 50-dən çox ölkəsindən 1000-dən çox nüfuzlu şirkətin qatıldığı “IDEF-2021” sərgisində ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş etdirilib. Sərgi zamanı Müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşüb. Onu da qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “IDEF-2021” sərgisindəki stendi özünün orijinallığı ilə diqqəti cəlb edib. Belə ki, nazirliyin müəssisələrində istehsal edilən hərbi təyinatlı məhsullar tarixi Şuşa qalası formasında hazırlanmış stenddə nümayiş olunurdu.

Stendin ən baxımlı yerində isə Qarabağ savaşında öz gücünü göstərmiş Azərbaycan PUA-sı - “İtiqovan” vardı. Sərgidə nümayiş olunan silah-sursatın bir çoxundan ordumuz döyüş meydanında geniş istifadə edib. Türkiyə mediası Azərbaycanın sərgidəki stendini 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin rəmzi kimi dəyərləndirib.

Sərgi çərçivəsində mediaya açıqlama verən Müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə nazirlik uzunmüddətli perspektiv üçün yol xəritəsi hazırlayıb. O qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi 20-30 il sonra istifadə ediləcək silahlarla bağlı işlərə başlayıb və hazırda nazirliyin müəssisələrində 150-dən artıq yeni silah istehsal edilir. Gələcəkdə nazirliyin ən müasir silahların istehsalına nail olacağı bildirilib.

Azərbaycan qalib ölkə kimi bu gün dünyanın diqqət mərkəzindədir. Hazırda təkcə xalqımızın və dövlətimizin təhlükəsizliyinin təmin olunması deyil, ümumiyyətlə, bölgəmizdə sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün üzərinə böyük məsuliyyət götürən Silahlı Qüvvələrimizin gücü daha da artırılır. Bu zaman dünyanın ən güclü hərbi müdafiə sistem və məhsullarının, o cümlədən qardaş Türkiyənin istehsalı olan ən müasir silah-sursatın ordumuzun təchizatına daxil edilməsi ilə yanaşı, yerli müdafiə sənayesi müəssisələrin də məqsədyönlü fəaliyyəti böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısının tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışan Müdafiə Sənayesi Nazirliyi  rəhbərliyinin və mütəxəssislərinin gələcəyə istiqamətlənmiş niyyət və məqsədlərinin uğurla həyata keçəcəyinə inanırıq.

 Möhtərəm RƏCƏBOVA,

“Respublika”.