Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “Havelsan
Digər xəbərlər

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “Havelsan" şirkəti arasında anlaşma memorandumu imzalanıb

Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin "Havelsan" Hava Elektronik Sənaye və Ticarət Kurumsal şirkəti arasında əməkdaşlığa dair çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb.

AZƏRTAC Müdafiə Sənayesi Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən imzalanma mərasimində ETİ-nin direktoru Mürsəl Əliyev, direktorun birinci müavini Əflatun Məmmədov, "Havelsan" şirkətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar, şirkətin baş direktoru və İdarə Heyətinin üzvü Mehmet Akif Nacar və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, bundan əvvəl ETİ-nin nümayəndə heyəti Türkiyədə "Havelsan" şirkətində olub və onların apardığı işlər haqqında məlumatlar alıblar. Bu anlaşma memorandumu iki tərəf arasında əməkdaşlığa başlamaq məqsədilə imzalanan ilkin çərçivə sənədidir. Gələcəkdə qarşılıqlı iş birliyi üçün mövzular müəyyənləşdirilərək növbəti sənədlər imzalanacaq.

Daha sonra əməkdaşlığın ilkin prinsipləri haqqında fikir mübadiləsi aparılıb və hər iki tərəf çərçivə sənədi olaraq anlaşma memorandumunu imzalayıb.

AZƏRTAC