Müdafiə sənayesinin istehsal imkanları daha da genişlənir
Digər xəbərlər

Müdafiə sənayesinin istehsal imkanları daha da genişlənir

“...Bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sözləri Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Gülüstan” sarayında ordunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək uğrunda üzləşdiyi çətinliklərdən və onların aradan qaldırılması istiqamətində görülən işlərdən danışarkən deyib.

Hərbi texnika, silah-sursat təchizatı ordu quruculuğunun mühüm tərkib hissəsidir. Bu gün dünyanın güclü ordularının ən yeni və müasir hərbi texnika və silah-sursatla təchizatı 70 faizə yaxındır. Azərbaycan Ordusu ilə bağlı əlimizdə belə bir statistika olmasa da, deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qələbənin həlledici amilləri sırasında ən müasir silahlardan istifadə edilməsi faktı mühüm yer tutur. Bu yaxınlarda Almaniya Müdafiə və Strateji Tədqiqatlar İnstitutunun müasir müharibələr və yeni texnologiyalar üzrə eksperti Mixael Karl öz ölkəsinin ordusunun döyüş dronlarının hücumundan zəif müdafiə olunduğunu vurğulayaraq deyib: “Pilotsuz uçuş aparatları və ya kamikadze PUA-lar kimi silah sistemlərinə qarşı biz özümüzü müdafiə edə bilməzdik. Orduda hava hücumundan müdafiə sisteminin olmaması bizim üçün faciəvi ola bilər. Uzun sözün qısası, əgər bundesver İkinci Qarabağ müharibəsində Azərbaycanla döyüşsəydi, çətin ki, qələbə şansı olardı”.

Ordumuzun cəbbəxanasında xaricdən alınan silahlarla yanaşı, yerli müdafiə sənayesi müəssisələrinin istehsalı olan hərbi məhsullar da geniş yer tutur. Ölkəmiz öz hərbi-sənaye kompleksini ən yeni və qabaqcıl texnologiyalar əsasında formalaşdırır. Fəaliyyət göstərdiyi 16 il ərzində nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıq quraşdırılıb. Eləcə də 2200-dən çox müxtəlif təyinatlı dəzgah, on minlərlə cihaz, alət və tərtibatlar alınıb istismara verilib. Müdafiə sənayesi müəssisələrində, həmçinin xalq tələbatı və mülki təyinatlı məhsulların istehsalı da təşkil olunub.

İkinci Qarabağ müharibəsində qazanılan qələbə ölkəmizin həm hərbi-sənaye kompleksinin imkanları, həm də ordunun döyüş qabiliyyəti, şəxsi heyətin fiziki-psixoloji vəziyyəti baxımından Cənubi Qafqazdakı liderliyini daha möhkəmləndirib. Qlobal Hərbi Güc İndeksinə (Global Firepoer İndex (GFR) - 2021) görə Azərbaycan hazırda dünyanın 138 ölkəsi arasında 64-cü yeri tutur, müdafiə sənayesinin səviyyəsinə görə isə postsovet məkanında dörd aparıcı dövlətdən biridir.

Yeri gəlmişkən qeyd edək ki, GFR reytinqi 50 müxtəlif göstərici əsasında müəyyənləşir. Buraya şəxsi heyətin, tankların, gəmilərin, təyyarələrin və digər hərbi texnikaların sayı, həmçinin hərbi sahənin maliyyələşdirmə səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu, neft məhsulları ilə təchizatı və ordunun döyüş qabiliyyətinə təsir edə biləcək digər amillər daxildir. İndeksdə nüvə silahının mövcudluğu amili nəzərə alınmır.

Ölkəmizin hərbi nailiyyətləri onun ənənəvi tərəfdaşları olan və müdafiə sənayesinin müasir tələblər əsasında qurulmasına töhfəsini verən Türkiyə, İsrail, Pakistan, Belarus, Rusiya, CAR ilə, ümumilikdə isə, dünyanın 40-dan çox dövləti ilə texniki əməkdaşlığını daha da genişləndirib.

Bu gün ölkəmizdə geniş çeşiddə döyüş sursatları - güllələr, mərmilər, idarəolunan və olunmayan aviasiya bombaları və raketlər, həmçinin yüngül artilleriya qurğuları, pilotsuz uçan aparatlar (PUA), zirehli texnika, radioəlaqə qurğuları, optik sistemlər və çoxlu sayda digər texnika və silah növləri istehsal edilir. Müdafiə sənayesi müəssisələrində atıcı və yüngül silahların, onlar üçün sursatların tam istehsal zənciri yaradılıb.

Ordunun silahlandırılmasına ayrılan maliyyə vəsaiti də yüksək səviyyədədir. Ötən il ölkəmizdə 368,8 milyon manatlıq hərbi təyinatlı məhsullar istehsal olunub və bu, əvvəlki illə müqayisədə 42,9 faiz çoxdur. Bu il Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmlənməsinə dövlət büdcəsindən 2,1 milyard manat ayrılacaq. Deməli, müdafiə sənayesi müəssisələrinə veriləcək sifarişlərdə də artım baş verəcəkdir.

Şuşa Bəyannaməsində təsbit edilmiş müddəalar, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə razılaşma, bu sahədə Türkiyə ilə birgə müəssisələrin yaradılması ölkəmizin hərbi təyinatlı yeni texnologiyaların maliyyələşdirilməsinə xüsusi diqqət yetirdiyini göstərir.

Müdafiə Sənayesi Nazirliyi nümayəndələrinin Türkiyə Müdafiə Komitəsi tərkibindəki müəssisələrin təmsilçiləri ilə bu yaxınlarda keçirilən görüşü ən müasir və qabaqcıl texnologiyalar əsasında hərbi təyinatlı məhsulların birgə istehsalı sahəsində uzunmüddətli əməkdaşlıq planlarından xəbər verir.

Müdafiə sənayesi sahəsində birgə layihələrdə dost ölkə Pakistanın da iştirakı nəzərdə tutulur. Prezident İlham Əliyevin Pakistanın Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacva ilə bu yaxınlarda keçirdiyi görüşdə silah tədarükü və birgə istehsal imkanları barədə fikir mübadiləsi aparılıb.

Ölkəmiz Rusiya, Belarus və digər postsovet ölkələri ilə də müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir və bu əlaqələr daha da genişlənir. Azərbaycanın Müdafiə sənayesi naziri Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin Minskdə keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində iştirakı qarşılıqlı sərfəli əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirib.

Onu da qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən beynəlxalq sərgilərdə iştirak edir, qabaqcıl firma və şirkətlərin təmsil olunduqları belə sərgilərdə nazirliyin müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi adı altında nümayiş olunur. Nazirlik həmçinin bu qəbildən olan sərgilərin həm də təşkilatçısıdır. Azərbaycanda “ADEX” adı altında ilk dəfə beynəlxalq müdafiə sənayesi sərgisi 2014-cü ildən başlayaraq, hər iki ildən bir keçirilir. Ötən il müharibə vəziyyəti ilə əlaqədar təxirə salınan sərginin bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulur. “ADEX-2018” sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və digər dövlətlərin şirkətləri iştirak edirlər.

Müdafiə sənayesi potensialının artırılması dövlətimizin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, erməni faşizmi üzərində qələbədən keçən müddətdə bu sahədə atılan addımlar bu sənaye sahəsinin imkanlarını daha da genişləndirəcəkdir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.