Müəllimlər gününə həsr olunmuş tədbir
Region

Müəllimlər gününə həsr olunmuş tədbir

Biləsuvarda 5 Oktyabr-Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə  Biləsuvar  Rayon  İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, təhsil  işçiləri, məktəb direktorları  və müəllimlər iştirak edib.

İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  ulu öndərin abidəsinin önünə  tər çiçəklər qoyublar.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov müəllimləri peşə bayramları münasibətilə təbrik edərək rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək  diqqət  və  qayğı   rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Yeni təhsil müəssisələri inşa  edilir,  əsaslı təmir olunur və təhsil ocaqlarının  maddi-texniki bazası yenilənərək informasiya-kommunikasiya texnologiyaları ilə  təminatı  yaxşılaşdırılır. Rayonumuzda yeni istifadəyə verilən  təhsil  ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir.

“Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr  2021-ci il tarixli Sərəncamı ilə rayonumuzun müəllimi Əhmədova Təranə Sarxan qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  çıxış edərək rayonun təhsil işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Faiq Qürbətov qeyd edib ki,  “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”  deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib,  onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin,  rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün dövlət rəhbərimiz İlham Əliyev də müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir.

Rayon  rəhbəri  bildirib  ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  rəhbərliyi ilə son dövrlər ölkəmizdə  inşa olunan yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı,  müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Tədbirdə Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, Milli Qəhrəman M. İbrahimov adına bağça- lisey--məktəb kompleksinin direktoru  Bəhruz Mehdiyev, Nərimankənd kənd ümumi orta məktəbin direktoru  Şakir Cəfərov, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi  Nərmin İsmayılova, Təzəkənd kənd tam orta məktəbinin müəllimi Ləyaqət Quliyeva və digərləri çıxış edərək ölkəmizdə bu sahədə görülən işlərdən, müəllim əməyinə verilən yüksək qiymətdən və müəllimlərin qazandığı uğurlardan danışıblar.
Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə  fəxri fərmanlar və  hədiyyələr təqdim olunub.

             Ərəstun  ABDULOV,

            “Respublika”.