Müharibə veteranları üçün təsərrüfatlar yaradılır
Sosial həyat

Müharibə veteranları üçün təsərrüfatlar yaradılır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov özünüməşğulluq proqramı çərçivəsində Qusar rayonunda müharibə veteranının atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış keçiriblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, rayon sakini Rahmanov Şair İzəddin oğlu 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş və bu döyüşlərin birində yaralanmış İzəddin Rahmanovun atasıdır. Özünüməşğulluq proqramına cəlb olunan Ş.Rahmanov üçün istəyinə uyğun olaraq proqramın dəstəyi ilə aktivlər verilməklə dərzi sexi qurulub. Müharibə veteranı Seyidov Nazim Səlimxan oğlu üçün isə özünüməşğulluq proqramı çərçivəsində avtomobil şinlərinin bərpası və təmiri xidmətləri sexi yaradılıb.

Onlar müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısının göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi həmin kateqoriyalara aid 122 min şəxsi əhatə edib və sosial dəstək yönümlü 269 min xidmət göstərilib. Bu sosial dəstək paketi çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 16,9 min şəxsin məşğulluğu da təmin edilib, o cümlədən 9,6 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb.

Mustafa KAMAL,

"Respublika".